CCPE(2008)2 Strasburq, 16 oktyabr 2008-ci il AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI
“Cinayət təqibinin alternativləri” mövzusunda 2 N°-li Rəyi (2008)
GİRİŞ 1. Avropa Prokurorlarının Məşvərətçi Şurası (CCPE) Nazirlər Komitəsinin 13 iyul 2005-ci il tarixli qərarı ilə prokurorluq xidməti ilə bağlı rəylərin hazırlanması və prokurorluğun cinayət ədliyyə sistemindəki rolu haqqında 6 oktyabr 2000-ci il tarixli Rec(2000) 19 saylı Tövsiyənin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmışdır. 2. Həmin Tövsiyənin 3-cü maddəsində qeyd olunur ki, “bəzi cinayət ədliyyə sistemlərində prokurorluq orqanları (...) cinayət təqibinin alternativlərinin tətbiq edilməsi haqqında qərar qəbul edir”. Tövsiyənin 24-cü maddəsində həmçinin bildirilir ki, prokurorlar xüsusilə “cinayət ədliyyə sisteminin mümkün olduğu qədər operativ şəkildə icrasını təmin etməlidir”. 3. Hazırkı Rəy CCPE-nin ümumi fəaliyyət planı, o cümlədən 23-25 iyun 2004-cü ildə Almaniyanın Tselle şəhərində “Prokurorluq orqanlarının xüsusi səlahiyyətləri: seçim və ya qanunilik prinsipinin üstünlükləri və çatışmazlıqları” mövzusunda keçirilmiş konfransın yekunları nəzərə alınaraq Nazirlər Komitəsi tərəfindən CCPE-yə verilmiş tapşırığa müvafiq olaraq hazırlanmışdır. 4. Həmin konfransda Avropa baş prokurorları məmnunluq hissi ilə Avropa ölkələrinin güddüyü məqsədlərin ictimai maraqlar, bütün fərdlərin qanun qarşısında bərabərliyi və cinayət ədliyyə sisteminin fərdiləşmə prinsiplərinə, o cümlədən Rec(2000)19 saylı Tövsiyəyə uyğun olduğunu qeyd etmişdir. Avropa baş prokurorlarının konfransı aşağıdakı prinsiplərin tətbiq edilməsinə çağırır: a. ciddi cinayət əməllərinə görə cəzanın tətbiq edilməsinin vacib olduğunu nəzərə alaraq, icbari və ya xüsusi məhkəmə təqibindən asılı olmayaraq cinayət əməlləri ilə əlaqədar cinayət ədliyyə üsulu və digər üsullar arasında seçim imkanı yaradılmalıdır; b. cinayət təqibi zərərçəkmişlərin maraqları nəzərə alınaraq ciddi, mümkün olan və cinayətin təkrar törədilməsinin qarşısını ala biləcək alternativlə əvəz olunmalıdır; c. cinayət mühakimə üsulunun alternativi qurbanların hüquqlarını tənzimləyən, cinayəti törədənə qarşı ədalətli və qərəzsiz münasibəti nəzərdə tutan qanunvericiliyin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. 5. Bu Rəyi hazırlayarkən CCPE cinayət ədliyyə sisteminin sadələşdirilməsi haqqında Nazirlər Komitəsinin Rec(87)18 saylı, qurbanların vəziyyəti haqqında Rec(85)11 saylı, cinayət işləri üzrə mediasiya haqqında Rec(99)19 saylı Tövsiyələrini, həmçinin Avropa Şurasının restitusiya (bərpa edici) ədalət mühakiməsi sahəsində işini nəzərə almışdır. Bundan əlavə, CCPE Avropa İttifaqının 15 mart 2001-ci il tarixli Avropa İttifaqının qurbanların cinayət işlərindəki statusu haqqında Çərçivə qərarını nəzərə almışdır. 6. Bu məsələ ilə əlaqədar olaraq, CCPE Avropa Şurasına üzv dövlətlərin müsbət təcrübələrini müəyyən etmək və yaxşılaşdırmaq məqsədilə cinayət təqibinin alternativlərini tədqiq etmək qərarına gəlmişdir. Bu məqsədlə, CCPE-nin 2-ci plenar iclası (Strasburq, 28-30 noyabr 2007-ci il) çərçivəsində müzakirə edilməsi üçün CCPE-nin üzvləri arasında sorğu keçirilmişdir. Bu Rəy 23 üzv dövlətin təqdim etdiyi cavabları əhatə edir. İZAHLAR 7. Hazırkı Rəyin məqsədləri çərçivəsində, şərti və ya birbaşa azadlıqdan məhrum etmə və ya cərimə, o cümlədən müəyyən hüquqlardan məhrum etmə kimi əlavə cəza tədbirlərini nəzərdə tutan cinayətlərin törədildiyi təqdirdə cinayət təqibinin qəti, müvəqqəti və ya şərti olaraq dayandırılması haqqında qərarla yanaşı tətbiq olunan tədbirlər “cinayət təqibinə alternativ tədbirlər” kimi başa düşülür. 8. Belə ki, hazırkı Rəy cinayət işinin xitam edilməsi və ittiham irəli sürülməsini nəzərdə tutmadığı üçün məhkəmədən öncə “özünü təqsirli hesab etmə” proseduruna şamil edilmir. 9. Bundan əlavə, bəzi üzv dövlətlərdə mövcud olan “həbsdən çıxarılma” (“discharge”) proseduru ittiham irəli sürüldükdən sonra həyata keçirildiyinə görə cinayət təqibinin alternativi hesab edilmir. ÜMUMİ MÜLAHİZƏLƏR 10. Cinayət təqibinə alternativ tədbirlərin tətbiq edilməsi Avropanın icbari cinayət təqibi sistemi ilə uyğunluq təşkil edir. Adətən, həmin tədbirlər aşağıdakı şəkildə başa düşülür: hər bir qanun pozuntusuna görə hökm çıxarılmaqla yanaşı bütün sismtemlərdə tanınan tədbirlər nəzərdə tutulur. 11. Bəzi üzv dövlətlərdə xüsusi (diskresyon) təqib sistemi tətbiq olunur. Digər üzv dövlətlərdə isə icbari təqib sistemi mövcuddur. Lakin, həmin dövlətlərin cinayət prosessual məcəllələri aşağıdakı istisnaları nəzərdə tutur: - cinayət təqibinin açıqlanan məqsədlər (məqsədlərdən biri cinayətin təkrar törədilməsinin qarşısını almaqdır) baxımından qəbuledilməz olduğu hallar; - maliyyə və ya digər təzminatlar edildiyi təqdirdə; - cinayətkarın yetkinlik yaşına çatmayan şəxs olduğu təqdirdə. 12. Bəzi ölkələrdə, cinayət təqibi öhdəliyi yalnız yetkinlik yaşına çatmamış şəxslər barəsində “islahedici tədbirlər” kontekstində, həmçinin məhkumluğu olmayan şəxslər tərəfindən kiçik cinayətlər törədildikdə və ya orta ağır cinayətə görə səmimi peşmançılıq bildirildiyi hallarda tətbiq edilməyə bilər. 13. Əksər ölkələrin prokurorluq orqanları törədilmiş cinayətlərə qarşı hüquqi cavab olan alternativlərin tətbiq edilməsini təklif etmək və onların həyata keçirilməsinə nəzarət etmək səlahiyyətinə malikdir. Bəzi hallarda, bu məsələ yalnız prokurorun seçimindən asılı olur. Lakin, cinayət işinin dayandırılması üçün hakimin həmin qərarla razılaşması tələb oluna bilər. 14. Digər ölkələrdə, prokurorların rolu hakimlərin rolundan olduqca az əhəmiyyətlidir. İşin dayandırılması haqqında qərar yalnız məhkəmə qərarı ilə baş tutur. Prokuror icbari təqib prinsipinə ciddi şəkildə əməl etməlidir. 15. Alternativ tədbirlər cinayətin təkrar törədilməsinin qarşısının alınması; ictimaiyyət tərəfindən dəymiş zərərə görə təzminatın ödənilməsinə köməklik göstərilməsi; müdafiə tərəfinin hüquqlarının təmin edilməsi; qanunsuz əməllərə qarşı düzgün reaksiyanın verilməsi və residiv hallarına yol verilməməsi kimi məqsədlərə uyğun olmalıdır. 16. Bəzi ölkələrin qanunvericiliklərinə əsasən, alternativ tədbirlər cəza sanksiyasının residivin qarşısının alınmasında tələb olunmadığı təqdirdə tətbiq oluna bilər. 17. Az əhəmiyyət kəsb edən ictimai təhlükəli əməlin anlayışı əksər ölkələrin qanunvericiliyində öz əksini tapmışdır. Lakin, bəzi hallarda cinayət təqibinin alternativləri yalnız insan alveri və ya terrorizm, həmçinin böyük ictimai təhlükə törədən əməllər kimi ən ağır cinayətlərə qarşı tətbiq edilir. 18. Tətbiq imkanları artan alternativ tədbirlər cəmiyyətin inkişafını, həmçinin ədalət mühakiməsinin şərti və ya şərtsiz azadlıqdan məhrum etmə yaxud cərimələrdən (xüsusilə yetkinlik yaşına çatmamış və ya daha öncə məhkumluğu olmayan yetkinlik yaşına çatmamış şəxslərə qarşı) ibarət ənənəvi sistemlə müqayisədə müasirləşməsini nümayiş edir. 19. Bu tədbirlər cinayətkar və zərərçəkmiş tərəfindən hüquqi cavabın qəbul edilməsinə yönəlir. Bəzi hallarda, Məcəllədə nəzərdə tutulduğu kimi, zərərçəkmiş cinayət təqibinə etiraz edə bilər. Bu prokurorluq orqanı tərəfindən qəbul edilən qərarın yuxarı prokuror və ya yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılması yolu ilə reallaşır. Bəzi üzv dövlətlərdə zərərçəkmişin razılığı olmadan alternativ tədbir tətbiq edilə bilməz. 20. Alternativ tədbirlərin daha bir üstünlüyü ondan ibarətdir ki, onlar cinayətkarları ictimaiyyətdən təcrid etməməklə onların reabilitasiyasına köməklik edir. Bəzi ölkələrin cinayət-prosessual qanunvericliyinə əsasən alternativ tədbirlərin cinayətin qanun və qanuni qadağaların pozulması nəticəsində deyil, etinasızlıq və laqeydlik nəticəsində törədildiyi hallarda tətbiq olunması tövsiyə edilir. 21. Əksər hallarda, alternativ tədbirlər cəmiyyətin gözündə kompensasiyanı sadəcə pul ödənişi və ya azadlıqdan məhrum etmə cəzalarından daha məqsədəuyğun edir. 22. Bir çox həbsxanaların dolu olduğu Avropada (həbsxanalara ayrılmış büdcə ədliyyə sahəsinin büdcəsinin cüzi hissəsini təşkil edir) azadlıqdan məhrum etmə cəzasının alternativi olaraq həbsxana əhalisinin sayı azaldılır. 23. Alternativ tədbirlər məhkəmələrin işini azaltsalar da, həmin tədbirlərin hazırlanması prosesində istintaq orqanlarının yükünün əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olur. 24. Bununla belə, alternativ tədbirlər resursların daha səmərəli istifadəsini nəzərdə tutan tədbirlər kimi qiymətləndirilməməlidir. Əslində, onların həyata keçirilməsi üçün maddi resurslar, xüsusilə, məkan və insan resursları; hərtərəfli hazırlıq, cinayət təqibinin alternativləri haqqında ictimai məlumatlılıq; prokurorlarla yanaşı həmin tədbirləri tətbiq edəcək və onlara riayət edəcək ixtisaslaşmış şəxslər (məsələn, vasitəçilər) tələb olunur. Həmin şəxslər humanist könüllü deyil, peşəkarlar olmalı və onlara müvafiq mükafatlandırmalar təqdim olunmalıdır. Həmçinin, dövlət qulluqçuları kimi onlar da müavinət almaq hüququna malikdir. 25. Alternativ tədbirlərin tətbiq olunmasına icazə verilən və onları qadağan edən hallar bəzi üzv dövlətlərin qanunvericiliklərində göstərilmişdir. Digər hallarda isə bu məcburi xarakter daşımayan hüquqi sənədlər vasitəsilə həyata keçirilir. Rec(2000)195 saylı Tövsiyəyə əsasən və prokurorların bu sahədə ədalətli, ardıcıl və səmərəli fəaliyyətinin təşviq edilməsi məqsədilə, üzv dövlətlər aşağıdakı bəndləri yerinə yetirməlidir: - bu siyasətin həyata keçirilməsi üçün ümumi prinsipləri müəyyən etmək; - özbaşına qərarların qarşısını almaq üçün ayrı-ayrı hallarda qəbul ediləcək qərarlara istinad kimi istifadə olunacaq ümumi prinsip və meyarları müəyyən etmək. 26. İctimaiyyətə yuxarıda qeyd olunan sistem, qayda, prinsip və meyarlar barədə məlumat verilməlidir. Qeyd olunan prinsiplərin həyata keçirilməsinə dair hesabatın verilməsini nəzərdə tutan konkret tədbirlərin hazırlanması məqsədəuyğundur. 27. Cinayət təqibinin alternativlərini təsdiqləməmişdən öncə, həmin tədbirlərin faktiki və konkret şəraitdə reallaşdırılması imkanlarını yoxlamaq məqsədilə iqtisadi, inzibati və struktur şəraitin qiymətləndirilməsi həyata keçirilməlidir. AVROPA ŞURASI ÖLKƏLƏRİNİN TƏCRÜBƏSİNDƏN CİNAYƏT TƏQİBİNİN ALTERNATİVLƏRİNİN NÜMUNƏLƏRİ 28. Avropa Şurasına üzv dövlətlərdə cinayət təqibinin alternativlərinin həyata keçirilməsi üçün müxtəlif qabaqcıl təcrübələrdən istifadə olunur. CCPE onların bəzisinə diqqəti yönəltmək istəyir. 29. Bəzi üzv dövlətlərdə “ehtiyat tədbiri (ehtiyatlılıq)” kimi tanınan “rappel à la loi” (hakimlərin xəbərdarlığı) çox tez-tez tətbiq olunur. Xüsusilə, yetkinlik yaşına çatmamış şəxslərə qarşı istifadə olunur: prokuror və ya istənilən səlahiyyətli məhkəmə orqanı sonuncunun hüquqlarını və yenidən törədilmiş qanun pozuntusu üçün çəkiləcək cəza risklərini xatırlatmalı olduğu müddətdə qanunu pozan şəxs və ya onun nümayəndəsi ilə ciddi danışıqlar aparır. Məqsəd cinayətkarlara törədikləri əməllərin cəmiyyət, zərərçəkmiş və özləri üçün hansı nəticələr verdiyini dərk etməyə köməklik göstərməkdir. Bu xəbərdarlıq cəmiyyətə və ya fiziki şəxslərə qarşı törədilən kiçik (əhəmiyyətsiz) pozuntular əvvəllər heç bir məhkumluğu olmayan şəxslər tərəfindən törədildikdə tətbiq olunur. Buna bənzər əməllərin ciddiliyi ilə əlaqədar müzakirələr nəzərdə tutan bərpaedici ədalət mühakiməsi sistemlərində tətbiq edilir. 30. Cinayətkarlar tibbi, sosial və ya peşə müəssisələrinə yönəldilə bilər: prokuror və ya hər hansı səlahiyyətli məhkəmə orqanı qanunsuz əməlləri törətmiş şəxsə təyin edilmiş orqanla əlaqə saxlamaq üçün göstəriş verir, məsələn onun cinayətlə bağlı mövzuda təlim və ya təlimat keçəcəyi bir müəssisə. Yol hərəkəti qaydalarının pozulması hallarında, keçirilən kurs çərçivəsində yol hərəkəti qaydaları ilə yanaşı, bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş şəxslərlə görüşlər təşkil edir və qanunu pozan şəxslərə ehtiyatsız idarəetmənin nəticələrini dərk etməyə kömək göstərilir. Başqa nümunə: yeniyetmələrin tərbiyəsində ciddi şəkildə nöqsanlar olduqda, “tərbiyə etmək bacarığı olmayan” valideynlərə “uşaqların təlim-tərbiyə” kursu təklif edilə bilər. İçki düşkünü olan cinayətkar üçün: qida gigiyenası xidməti orqanları seminarlar təşkil edə bilər; yetkinlik yaşına çatmamış şəxslərin öz hərəkətlərinin ciddiliyini dərk etməsi və öz davranışlarının dəyişdirilməsi məqsədilə ictimai təhlükəsizliyin pozulmasında, irqçi və ya ictimaiyyətə qarşı əməllərdə təqsirli bilinən azyaşlı cinayətkarla sosial məsuliyyət üzrə təlimlər təklif oluna bilər. 31. Qanun pozuntusunu təşkil edən situasiyaların tənzimlənməsi qanun pozuntusu nəticəsində yaranan pozuntuların effektiv və sürətli şəkildə yayılmasına səbəb olur: məsələn, sənədlərin yoxlanılması zamanı sürücülük vəsiqəsini təqdim etməyən sürücülər vəsiqəni təqdim etmək üçün növbəti gün dəvət olunurlar. Ətraf mühitin mühafizəsi və şəhərsalmanın planlaşdırılması sahələrində işlərin həyata keçirilməsi vasitəsilə ilkin vəziyyətin bərpası əksər hallarda əlverişli və preventiv vasitə hesab olunur. 32. Törədilmiş əməllər nəticəsində dəymiş zərərin əvəzi bəzən fırıldaqçılıq yolu ilə ötürülmüş əmlakın qaytarılması və ya pul təzminatı yaxud zərərçəkmiş şəxsdən üzr istəmək yolu ilə kompensasiya oluna bilər. Bəzi hallarda kompensasiya cinayətkar və zərərçəkmiş şəxs arasında onların şərtlərini, gələcəkdə əlaqə saxlamaq ehtimallarını müəyyən edən və daha bir cinayətin törədilməsinin qarşısını alan vasitəçilik prosesinin bir hissəsi kimi təşkil olunur. 33. Yetkinlik yaşına çatmamış şəxsin üzərinə düşən tərbiyəvi əməl (məsələn yaşlı insanın evində pulsuz işləmək, zərərçəkmiş şəxsə bağışlanması barədə məktubun göndərilməsi) onlar üçün cinayət əməlinin kompensasiyası ola bilər. 34. Məişət zorakılığı törətmiş şəxs (cinayətkar) barəsində ailədən ayrılmaq qərarı çıxarıla bilər. 35. Şəxs hər hansı yeni cinayətlərin törədilməsində və ya törətmək niyyətində şübhəli bilinmədiyi təqdirdə cinayət təqibinə məruz qalmadan nəzarət altına götürülə bilər. 36. Məsələnin kompromis yolu ilə həll edilməsi ədalət mühakiməsi tərəfindən təsdiq ediləcək sanksiyanı qəbul edən cinayətkara təklif edilə bilər: sürücülük vəsiqəsinin verilməsi, ödənişsiz işləmək, müəyyən yerlərdə görünmə qadağasının olması, pul məbləğinin ödənilməsi. Hakim tərəfindən təsdiq edilən bu tədbir “günahın etiraf edilməsi” proseduruna bənzəyir, lakin bu kimi məhkumluğu təşkil etməyən “cinayət təqibinin alternativi” hesab edilir və cinayətkarın dosyesinə əlavə edilə bilməz. Bəzi ölkələrdə maliyyə cəriməsi alternativ tədbirlərin bir növü kimi hesab edilə bilər. 37. Narkotik aludəçilərinə müalicə kursunu keçmək haqqında təlimat verilə bilər (bəzi ölkələrdə cinayət narkotiklərdən istifadəyə görə cinayət təqibi nəzərdə tutulmur; müalicəyə üstünlük verilir). 38. Bəzi ölkələrdə, həmçinin əməlin motivləri və əməli törədən şəxsin davranışı nəzərə alınır: irqçilik, ayrı-seçkilik və ya cinsi mənsubiyyət kimi müəyyən əsaslar olduqda alternativ tədbirə müraciət olunmaya bilər. 39. "Aktiv peşmanlıq" aşağıdakı şərtlər əsasında tətbiq edilə bilər: cinayət əməli ağır olmadıqda və ilk dəfə törədildikdə; günahını tam etiraf etdikdə cinayətkarın buraxılması: cinayət tərkibinin üzə çıxarılmasında köməklik göstərildikdə; cinayətkar məhkəmə icraatının əməkdaşı olduqda. Bu cür peşmanlıq ifadə olunan halda, cinayət əməli və hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsi hər hansı sosial təhlükə yaratmır. 40. Cinayət işlərində cinayət təqibinin alternativləri ilə yanaşı, tələb olunduqda, vasitəçilik və barışdırma proseduru da həyata keçirilə bilər. 41. Əlaqədar şəxslər alternativ tədbirlərə riayət edərsə, onlar cinayət təqibinə məruz qalmırlar. Bəzi ölkələrdə, alternativ tədbirin tətbiq edilməsi faktı cinayətkarın dosyesində qeyd olunmur. Alternativ tədbirə riayət edilmədikdə isə, prokuror cinayət təqibi və ittihamın irəli sürülməsini tətbiq edə bilər. ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN MÖVQEYİ 42. Zərər çəkmiş şəxslərin hüquqlarının təmin edilməsi olduqca vacibdir. Həmçinin, diskresion cinayət təqibinin tanındığı dövlətlərdə, zərər çəkmiş şəxslərin (fiziki şəxslər və ya rəsmi qrupların) şikayətləri alternativ cinayət təqibi tədbiri nəticəsində rədd edildiyi halda, onlara şikayətlərinin yenidən baxılması imkanı təqdim olunmalıdır. Bəzi ölkələrdə, ictimai təhlükə təşkil etməyən cinayət hallarında cinayət təqibinin tətbiq edilib-edilməməsini müəyyən etmək öhdəliyi zərər çəkmiş şəxsin üzərinə düşür. 43. Bundan başqa, alternativ tədbir törədilmiş cinayətə, pozuntuya və ya bunun nəticəsində dəymiş zərərə mütənasib olaraq qəbul edilən əsaslandırılmış cavab olmalıdır. 44. Xüsusilə, zərər çəkmiş şəxslərə qarşı anlayışlı olmaq, mübahisəli halların qarşısını almaq üçün zərər çəkmiş şəxslərə proseduran seçilməsi və alternativ tədbirin (vasitəçilik, kompensasiya və ya kompromis) müəyyən edilməsi zamanı yardım göstərilməsi arzuolunan və məqsədəuyğun hesab edilir. NƏTİCƏLƏR 45. Avropa Şurasına üzv dövlətlər arasında keçirilmiş sorğunu nəzərə alaraq və Baş Prokurorların Konfransı çərçivəsində qəbul edilmiş tövsiyələrə uyğun olaraq, CCPE hesab edir ki: a. cəmiyyətlərimizin ehtiyaclarına cavab verən müasir cinayət mühakimə sistemi qanun pozuntularının mahiyyəti və törədilmə şəraiti yol verdiyi hallarda cinayət təqibinin alternativlərini istifadə etməlidir; müvafiq dövlət orqanları cinayət təqibinin alternativlərinin üstünlükləri haqqında ictimai məlumatlılığı təmin etməlidir; b. maliyyə cərimələrinin və azadlıqdan məhrum etmə cəzaları özü özlüyündə kifayət qədər effektiv və təsirli cavab hesab olunmur; c. üzv dövlətlər cinayətə uyğun olan və müxtəlif cavabları formalaşdıran alətləri və yeni imkanları diqqətə almalıdır; d. prokurorların ədalətli, qanunauyğun və effektiv fəaliyyətinin gücləndirilməsi məqsədilə cinayət təqibinin alternativləri ilə bağlı cinayət siyasətinin həyata keçirilməsi üçün dəqiq qaydalar, ümumi təlimatlar və meyarlar müəyyən edilməlidir; buna görə də, müvafiq dövlət orqanlarına belə alternativ tədbirləri effektiv şəkildə həyata keçirmək üçün ictimaiyyətə açıqlanacaq müddəaları qəbul etmək tövsiyə olunur; e. alternativ tədbirlər fərdi hallarda qəbul edilən arbitraj qərarların qarşısının alınması məqsədilə və qanun qarşısında bərabərlik prinsipinə uyğun olaraq, mövcud dövlət təlimatlarına əməl edərək düzgün və qanunauyğun şəkildə tətbiq edilməlidir. f. şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə, prokurorun müstəqilliyinə əsassız olaraq müdaxilə edilmədən kütləvi informasiya vasitələri və ya ictimai hesabatlar vasitəsilə yerli, regional və milli səviyyədə alternativ tədbirlərin tətbiqinin səbəblərinə dair məlumat verilməlidir; g. alternativ tədbirlər vasitəsilə effektiv, müvafiq və operativ cavabın verilməsini təmin etmək üçün prokurorluq orqanları və digər müvafiq dövlət orqanlarına müvafiq maddi resurslar və insan resursları təqdim olunmalıdır; h. alternativ tədbirlər yüksək keyfiyyətli ədalət mühakiməsinə, sürətli və effektiv nəticələrə nail olunması məqsədilə tətbiq edilməlidir; i. prokurorlar belə alternativ tədbirləri effektiv şəkildə tətbiq etmək üçün lazımi səlahiyyətlərə malik olarsa buna təşəbbüs edə bilər; prokurorlar belə tədbirlərlə bağlı öz diskresion səlahiyyətlərindən istifadə etdikdə onların fəaliyyətinə həddən artıq müdaxilələr olunmamalıdır; j. üzv dövlətlər və müvafiq dövlət orqanları müvafiq tədris strukturları və proqramlarını hazırlamalı və cinayət təqibinin alternativlərinin həyata keçirilməsində köməklik göstərmək səlahiyyətinə malik assosiasiyalara və peşəkar təşkilatlara dəstək olmalıdır; k. alternativ tədbirlər zərərçəkmiş şəxslərin maraqlarını qorumalı, eyni zamanda, həmin maraqların təqdim olunan təzminatın keyfiyyəti, cavabın operativliyi vasitəsilə, və zərurət yarandıqda, cinayətkar və zərərçəkmiş arasında dialoqun qurulması yolu ilə hərtərəfli nəzərə alınmasını təmin etməlidir; l. cinayət təqibinin alternativləri heç bir halda zərərçəkmiş şəxsləri öz hüquqlarının qorunmasını tələb etmək hüquqlarından məhrum etməməlidir; m. alternativ tədbirlər heç bir halda günahsız şəxsə və ya prosessual maneələrlə (məsələn, cinayət təqibi ilə bağlı vaxt məhdudiyyətləri) əlaqədar olaraq barəsində ittihamın irəli sürülməsi mümkün olmayan şəxsə qarşı tətbiq edildikdə, o cümlədən şəxsiyyəti müəyyən edilmiş cinayətkarla və ya cinayətin törədilməsi nəticəsində dəymiş zərərin dərəcəsi ilə bağlı hər hansı şübhələr olduğu təqdirdə ədalətli məhkəmə araşdırması qaydalarının pozulmasına səbəb olmamalıdır; n. alternativ tədbirin qəbul edilməsi və onun tətbiqindən sonra faktla bağlı cinayət təqibi yol verilməz hesab olunur; o. şübhəli şəxslərə alternativ tədbir təklif edilərsə, onlara bildirilməlidir ki, alternativ tədbirdən imtina etdikdə və ya yerinə yetirmədikdə onlar cinayət təqibinə məruz qalacaqlar; p. CCPE tərəfindən toplanmış məlumatlarla təmin edilmiş üzv dövlətlər və müvafiq dövlət orqanları cinayətkarlıq sahəsində fəaliyyətlərinin keyfiyyətini artırmaq məqsədilə digər sistemlərdə tətbiq edilən qabaqcıl metodları nəzərə ala bilər; q. üzv dövlətlər digər dövlətlərin ərazisində müalicə təyinatları, sürücülər üçün təlimatlar və ya təlim-tərbiyə kursları və bu kimi müəyyən alternativ tədbirləri tətbiq etmək üçün ikitərəfli və ya çoxtərəfli razılaşmaların bağlanması məsələsinə baxa bilər. 46. Avropa Şurası Nazirlər Kabineti alternativ cinayət təqibi tədbirlərinin üzv dövlətlərdə effektiv tətbiqini, həmçinin, cinayət təqibinin alternativləri və onların transsərhəd tətbiqinə dair məcburi qüvvəyə malik olan və olmayan müvafiq sənədlərin hazırlanmasını nəzərə alaraq cinayət təqibinin alternativləri məsələsinin baxılmasını tövsiyə edir. 47. CCPE cinayət təqibinin alternativlərinin effektiv şəkildə tətbiq edilməsi sahəsində təcrübəyə malik müxtəlif məhkəmə sistemi nümayəndələrini (bir və ya bir neçə prokuroru) onların bu sahədəki təcrübələri ilə tanış olmaq niyyətilə və həmin təcrübənin səlahiyyətli orqanlara mübadilə edilməsi üçün audiovizual sənədin hazırlanması məqsədilə öz yığıncaqlarından birinə dəvət etmək arzusundadır. 48. CCPE cinayət təqibinə yönələn alternativ tədbirlər üzrə həmin orqanların məhkəmə prosesində təmsil olunan prokurorlarının diqqətinə çatdırmaq məqsədilə CDPC (Cinayət Problemləri üzrə Avropa Komitəsi), CCJE (Avropa Hakimlərinin Məşvərətçi Şurası) və CEPEJ (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası) ilə əməkdaşlıq edir. |