APMŞ (2015)3
Strasburq, 20 noyabr 2015-ci il
AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI
(APMŞ)
Avropa Prokurorlarının Məşvərətçi Şurasının
Prokurorların cinayət işinin istintaqında rolu haqqında
10(2015) saylı Rəyi
I. Giriş |
1. Avropa Prokurorlarının Məşvərətçi Şurası (APMŞ) Nazirlər komitəsinin cinayət ədalət mühakiməsi sistemində prokurorluğun rolu haqqında üzv dövlətlərə (2000)19 saylı Tövsiyəsinin icra edilməsi ilə bağlı rəylərin verilməsi məqsədilə 2005-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən yaradılmışdır.
2. Nazirlər Komitəsi cinayət işlərinin istintaqında prokurorların rolu ilə bağlı 2015-ci ildə rəy hazırlamaq və qəbul etmək haqqında APMŞ-ə göstəriş vermişdir. Rəy 29 üzv dövlətlə aparılan sorğunun nəticəsində alınan cavablar əsasında hazırlanmışdır.
3. Bu cavablar əsasında müəyyən edilmişdir ki, prokurorlar və istintaq orqanları arasında əlaqələrin müxtəlif aspektləri Konstitusiya və/ya yerli qanunlar və daxili tənzimləyici sənədlər (məsələn Baş Prokuror tərəfindən verilən order və sərəncamlar, etik davranış kodeksi, və s.) ilə müəyyən edilir.
4. Prokurorlar cinayət istintaqında rolu sistemdən sistemə dəyişir. Bəzi ölkələrdə prokurorlar istintaqı apara bildiyi halda, digər ölkələrdə polis prokurorların nəzarəti altında və ya icazəsi ilə istintaqı apara bilir və ya polis və ya digər istintaq orqanları müstəqil şəkildə fəaliyyət göstərə bilir.
5. Prokurorluq sistemi hər bir üzv dövlətdə fərqli ola bilər. Bu, icbari prokurorluq və ya müstəqil ittiham etmə prinsipinə əsaslanır. Bundan əlavə, müxtəlif prokurorluq sistemləri ənənəvi şəkildə sorğulayıcı və ya ziddiyyətli ittiham etmə modellərini əks etdirmişdir.
6. Avropada son illərdə xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təsiri (bundan sonra “Məhkəmə” adlanacaq) altında effektiv istintaqın təmin edilməsi və əlaqədar şəxslərin hüquqlarına hörmət edilməsi, eləcə də paylaşılan fundamental dəyərlərlə bütün bu sistemlərə əməl edilməsi məqsədilə bu modellərin bir araya gətirilməsində əhəmiyyətli təkamül baş vermişdir.
A. İstinad edilən mətnlər
7. APMŞ İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının xüsusilə 2, 3, 5, 6 və 8-ci maddələri və məhkəmənin müvafiq presedent hüququna istinadın zəruriliyini, eləcə də İşgəncə, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaya qarşı Avropa Komitəsinin şərhləri və tövsiyələrinə istinadın əhəmiyyətini vurğulayır.
8. APMŞ bəzi cinayət ədalət mühakiməsi sistemlərində dövlət prokurorlarının istintaqı istiqamətləndirməli və ya ona nəzarət etməli olduğunu qeyd edən yuxarıdakı (2000)19 saylı Tövsiyəni nəzərə almışdır. APMŞ Nazirlər Komitəsinin Avropa Polis Etikası üzrə üzv dövlətlərə etdiyi (2005)10 saylı tövsiyə, Nazirlər Komitəsinin terror aktları kimi ciddi cinayətlərlə bağlı “xüsusi istintaq üsulları” üzrə üzv dövlətlərə Nazirlər Komitəsinin (2005)10 saylı Tövsiyəsi, eləcə də 31 May 2005-ci il tarixində Macarıstan, Budapeşt şəhərində prokurorlar və polis arasında əlaqələrlə bağlı Baş Prokurorların 6-cı Konfransında qəbul olunan yekunları da nəzərə almışdır. APMŞ Prokurorlarla bağlı Avropa normaları və prinsipləri haqqında 9(2014) saylı rəyini – “Roma nizamnaməsi”ndə qeyd edilən prinsiplər və digər müvafiq rəylərini, xüsusilə Prokurorluq orqanlarının cinayət hüququ sistemindən kənar rolu haqqında APMŞ-nın 3(2008) saylı rəyi və Prokurorlar və media arasında münasibətlər haqqında 8(2013) saylı rəyə əsaslanmışdır.
9. Həmçinin, APMŞ BMT-nin 1966-cı il tarixli Mülki və Siyasi hüquqlar üzrə Beynəlxalq Razılaşma, 17 Dekabr 1979-cu il tarixində Birləşmiş Millət Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilən Hüquq-Mühafizə orqanlarının Rəsmiləri üçün Davranış Kodeksi (34/169 saylı Qətnamə), İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il tarixli Konvensiya, 1990-cı il tarixli Prokurorların rolu haqqında təlimatlar və BMT-nin müvafiq instrumentlərinin idarə edilməsinə nəzarət səlahiyyəti verilən komitələrin tövsiyələrini də nəzərə almışdır.
10. APMŞ həmçinin 1999-cu il tarixində Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) tərəfindən qəbul edilən Zəruri Vəzifələr və Hüquqların Bəyanatı və Peşə məsuliyyətinin standartlarını, BPA tərəfindən qəbul edilən digər müvafiq sənədlər, eləcə də prokurorluq xidmətləri və polis arasında əlaqələrlə bağlı 25 may 2015-ci il tarixində Visegrad Group-un Baş Prokurorlarının Sopot Bəyannaməsini də nəzərə almışdır.
B. Rəyin məqsədi və həcmi
11. Bu rəyin məqsədi istintaqa cəlb olunan bütün tərəflərin (zərərçəkənlər, cavabdehlər, müdafiə vəkili, şahidlər və s.) hüquqlarını nəzərə alaraq cinayət işlərinin istintaqında prokurorların rolu ilə bağlı tövsiyələr vermək və prokurorlar və müstəntiqlər arasında iş təcrübələrini müəyyənləşdirmək və təşviq etməkdir.
12. (2000)19 saylı Rəydə Avropa Şurasının üzv dövlətlərində mövcud fərqli sistemlər arasında fərqlər qeyd edilməklə prokurorlar və istintaq orqanları arasında əlaqələr xüsusilə qeyd edilir.
13. Bu məsələ cinayət ədalət mühakiməsinin düzgün idarə edilməsində əhəmiyyət kəsb edir. Qanunun aliliyinin əsas prinsiplərindən biri istintaqın bütün mərhələlərində prokurorlar və müstəntiqlər tərəfindən insan hüquqları və fundamental azadlıqlarına hörmət edilməsidir.
14. Bununla aşağıdakılar nəzərdə tutulur:
· prokurorlar öz səlahiyyətləri çərçivəsində olduğu təqdirdə, istintaqdan zərər çəkən şəxslərlə insani rəftar edilməsini və onların öz legitim hüquqlarını təmin edə bilməsini təmin etməlidir;
· prokurorlar öz səlahiyyətləri və imkanları çərçivəsində bacara bildikləri qədər istintaq orqanlarının qanunlara hörmət etməsi, səlahiyyət və ya davranışdan su-istifadəyə görə müvafiq dövlət orqanı qarşısında cavabdeh olması üçün spesifik davranış standartlarına əməl etməsini təmin etmək üçün bütün cəhdlərini səfərbər etməlidir;
· prokurorlar ədalət mühakiməsi araşdırmasına təqdim edilən istintaq nəticələrinin məhkəmənin düzgün aparılması üçün reallığı düzgün əks etdirməsini təmin etməlidir.
15. Bu rəy cinayət sahəsində və dövlət prokurorluğu kontekstində istintaqla məhdudlaşdırılır.
II. Cinayət işlərinin istintaqında prokurorların rolu |
A. Prokurorlar tərəfindən aparılan istintaqın yoxlanılması
16. Ümumiyyətlə, prokurorlar ən gec prokurorluğun başlanmalı və ya davam etməli olduğuna qərar verərkən istintaqın qanunauyğunluğunu yoxlamalıdır. Bu baxımdan, prokurorlar həmçinin istintaqın aparılma qaydası və insan hüquqlarına əməl edilib edilmədiyini də yoxlamalıdır.
17. Səlahiyyətləri olduğu təqdirdə, prokurorlar maddi qanunlar və cinayət hüququnun prosessual qaydaları, eləcə də AİHM tərəfindən təmin edilən hüquqlara əməl edilməsini təmin etmək üçün istintaqın tam gedişatı və ya spesifik istintaq aktları ilə bağlı istintaq orqanlarına icbari göstərişlər, məsləhətlər və ya təlimatlar verə bilər.
18. İttihamların qaydasında aparılmasını təmin etmək üçün belə təlimatlar və ya göstərişlər eyni zamanda əldə edilməli olan sübutlar, istintaqın aparılmasının düzgün strategiyası, sübutların toplanılması üçün istifadə edilməli olan vasitələr, aydınlaşdırılmalı və sübut edilməli olan faktlar və istintaq ərzində aparılmalı olan tədbirlərə də şamil edilə bilər.
19. Prokurorlar istintaq üzərində nəzarətedici rola malik olduqda, onlar istintaq orqanlarının cinayət hallarının gedişatı, onlara aid edilən cinayət siyasəti üstünlüklərinin icra edilməsi və prokurorların göstərişlərinin tətbiq edilməsi ilə bağlı məlumatlandırılmasını təmin etməlidir.
20. Üzv dövlətlərdə prokurorlar səlahiyyətləri çərçivəsində:
· istintaqın yeganə məqsədinin həqiqəti ortaya çıxarmaq və işi aydınlaşdırmaq olmasını, onların insan hüquqları və elan edilən fundamental prinsiplərə, xüsusilə də AİHM-nin 2, 3, 5, 6 və 8-ci maddələrə uyğun qanuni qaydada aparılmasını və obyektivlik, qərəzsizlik və peşəkarlığa əməl edilməsini təmin etməlidir. İstintaqçıların işini istiqamətləndirmək və ya ona nəzarət etmək səlahiyyətinə malik olduqda, mümkün qədər öz səlahiyyətləri çərçivəsində müstəntiqlərin də eyni prinsiplərə, eləcə də fundamental hüquqlara əməl etməsini təmin etməlidir;
· təqsirsizlik prezumpsiyası və müdafiə hüquqlarına istintaqın gedişatı ərzində əməl edilməsini təmin etməlidir. Mümkün olduğu təqdirdə istintaq mərhələsi ərzində şübhəlilərin kimliyini ictimai qaydada açıqlamamaq və onların şəxsi həyat təhlükəsizliyi və ləyaqət hüquqlarının qorunmasını təmin etmək lazımdır;
· istintaq müddətində onların gedişatı və effektivliyinə xələl gətirməmək üçün məlumatların məxfiliyini təmin etməlidir;
· iştirak etdikləri istintaq ərzində tərəflər, şahidlər və digər tərəflərin hüquqları və şəxsi təhlükəsizliyinin qorunmasını təmin etməlidir;
· zərərçəkənlər və xüsusilə müdafiəsiz şəxslərin müvafiq yollarla onların hüquqlarına hörmət etməklə istintaqın başlanması və nəticələri barəsində məlumatlandırılmasını təmin etməlidir;
21. Bu vəzifələri həyata keçirərkən, prokurorlar işini operativ və ədalətlə aparmalı və cinayət ədalət mühakiməsinin rahat şəkildə aparılmasını təmin etməlidir.
22. Öz səlahiyyətləri çərçivəsində olduğu təqdirdə, prokurorlar ehtiyatların düzgün idarə edilməsi ilə bağlı olan məsələlər, eləcə də insan və maliyyə ehtiyatlarını nəzərə almalıdır. Onlar həmçinin qanunun aliliyi və prosessual hüquqlara əməl etməklə, lazımsız xərclərdən də qaçınmalıdırlar.
B. Prokurorların istintaqı apardığı situasiyalar
23. Prokurorluq istintaqına icazə verildiyi üzv dövlətlərdə prokurorlar heç kəsə qarşı ayrı-seçkilik qoymadan və qərəzli olmadan bütün imkanları və bacarıqlarını səfərbər etməklə, qanuni və peşəkar şəkildə və ədalətlə istintaq aparmalıdırlar. Onlar müdafiə üçün əlverişli olan istintaq yollarını işləyib hazırlamalı və bununla bağlı sübutları toplamalı və açıqlamalıdır.
24. İstintaq funksiyaları çərçivəsində prokurorlar ən azından digər istintaq orqanları kimi eyni hüquq və öhdəliklər, eləcə də öz vəzifələrinin icra edilməsi üçün zəruri olan və sərəncamlarında olan vasitələrə malik olmalıdırlar.
C. Polis və ya digər istintaq orqanlarının prokurorluğun səlahiyyəti altında istintaq apardığı situasiyalar
25. Polisə ittiham səlahiyyəti verilən və ya polis istintaq orqanlarına prokurorluq xidmətləri tərəfindən nəzarət edilən üzv dövlətlərdə prokurorlara cinayət araşdırmalarında yerli və beynəlxalq qanunlara əməl etməklə öz vəzifələrini tam şəkildə yerinə yetirə bilməsi üçün effektiv tədbirlər həvalə edilməlidir. Onlar istintaqın ən uyğun və effektiv yolla və qanunun aliliyi və prosessual hüquqlara əməl etməklə aparılmasını təmin etməlidir.
26. Belə vəzifələrə daxildir:
· cinayət siyasəti prioritetlərinin effektiv icra edilməsini təmin etmək;
· cinayət işləri üzrə istintaqın başlanma vaxtı və vəziyyəti ilə bağlı polisə göstərişlər vermək;
·fərdi işləri müvafiq istintaq agentliyinə vermək;
· polis və prokurorluq arasında məhsuldar və effektiv əməkdaşlığı təşviq etmək və bir neçə qurumla bağlı olduğu təqdirdə istintaqı əlaqələndirmək;
·hüquq məsələləri ilə bağlı göstəriş və təlimatlar vermək;
·istintaqın qanuniliyi və keyfiyyətinə nəzarət etmək;
· qiymətləndirmə və nəzarətin mümkün qədər qanuna uyğun aparılmasını təmin etmək;
· və müvafiq olduğu təqdirdə və yerli qanuna uyğun olaraq, hüquqpozmaların sanksiyalandırılmasını təmin etmək.
27. Prokurorların istintaqa nəzarət etdiyi üzv dövlətlərdə, onlara cinayət işi üzrə istintaqın səmərəli şəkildə və qanuna tam uyğun aparılmasını təmin etmək üçün geniş prosessual səlahiyyətlər verilir. Xüsusilə prokurorların səlahiyyətlərə malik olduğu üzv dövlətlərdə yerli qanun çərçivəsində istintaqa nəzarət etmək üçün:
· prokurorlar müstəntiqlərin hüquqi müddəalara, eləcə də cinayət işinin başlanması, dayandırılması və ona xitam verilməsi ilə bağlı olan şərtlərə uyğun olmasını təmin etməli və cinayət proseslərində iştirak edənlər, eləcə də zərərçəkənlər və müdafiə tərəflərinin hüquqlarını nəzərə almalıdır. Bunu edə bilmək üçün prokurorlar cinayət proseslərinin iştirakçılarının hüquq və azadlıqlarının ciddi məhdudlaşdırılma ehtimalı olduqda (məsələn, məruzə edilən cinayət nəticələri və əsas istintaq hadisələri haqqında) gələcəkdə və hazırda aparılan istintaqla bağlı verilən vacib qərarlarla bağlı məlumatlandırılmalıdır;
· prokurorlar müstəntiq tərəfindən qəbul edilən zəruri qərarların qəbul edilməsini təsdiqləmək və ya onları ləğv etmək səlahiyyətinə malik olmalıdır;
· cinayət proseslərinin iştirakçılarının hüquq və qanuni maraqlarına müvafiq qaydada hörmət edilməsi üçün prokurorlar zəruri yerlərdə həmin iştirakçıları ali prokuror və ya məhkəməyə müraciət etmək hüququ barəsində məlumatlandırmalıdır;
· prokurorlar istintaqın məxfiliyinə əməl etməli, üçüncü tərəflərin müstəntiqlərdən alınan məxfi məlumatların ədliyyənin maraqları və ya qanuna uyğun açıqlanmayana qədər açıqlanmasına icazə verməməlidir;
· istintaqın səmərəli və vaxtlı-vaxtında yoxlanılmasını təmin etmək, zəruri olduqda, vacib sübutların itməsinin qarşısını almaq, təhlükəsizliyi və zərərçəkənlərin iş qovluqlarına rahat çıxışı təmin etmək (yerli qanunla icazə verildiyi təqdirdə) və ya ittiham edilməli şəxslərin ədalət mühakiməsindən qaçmasının qarşısını almaq üçün prokurorlar istənilən vaxt və rahat şəkildə cinayət istintaqı ilə bağlı bütün materialları əldə etmək imkanına malik olmalıdır;
· prokurorlar məhz qeyri-qanuni və ya əsassız tutma və ya həbs etmənin qarşısını almaq üçün nizamlı surətdə istintaqı üzərində nəzarəti həyata keçirməlidir;
· prokurorlar yerli və beynəlxalq qanunlara uyğun olaraq, azadlıqdan məhrum olunan bütün insanlara rəsmilər və digər şəxslər tərəfindən uyğunsuz davranışının qarşısını almalı və bununla bağlı irəli sürülən iddiaları diqqətlə nəzərdən keçirməlidir;
· Prokurorlar onlara müstəntiqlərin hərəkətlərinin qanuniliyi və onların təlimatlarının icrasını qiymətləndirmək, eləcə də belə müstəntiqlər tərəfindən mümkün qanun pozuntularının qarşısını almaq üçün hüquqi cəhətdən müəyyən edilən səlahiyyətlərə malik olmalıdır;
· müstəntiqlər insan hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnən qeyri-qanuni istintaq üsullarından istifadə etdikdə, prokurorlar belə müstəntiqlərə qarşı cinayət ittihamı başlatmaq və ya onların ittiham edilməsi və ya bu müstəntiqlərə qarşı intizam prosedurlarının başlanması üçün səlahiyyətli orqanlara müraciət etmək hüququna malik olur.
· prokurorlar nəzarətdə saxlanılan şübhəli və ya cavabdehi sərbəst görmək hüququna malik olmalıdır.
D. İstintaqların aparılması ilə bağlı polisin müstəqil olduğu situasiyalar
28. Polis və ya digər istintaq orqanlarının müstəqil istintaq apardığı üzv dövlətlərdə istintaqın qanuniliyini, eləcə də polis və digər istintaq orqanlarının peşəkar, ədalət və obyektiv istintaq aparmasını təmin etmək üçün hüquqi sistemlərin müvafiq nəzarət prosedurları olmalıdır.
29. Hər bir halda prokurorlar istintaq orqanları ilə əlverişli və funksional əməkdaşlığın təşviq edilməsi üçün effektiv tədbirlər görməlidir.
III. İstintaq ərzində müdafiə tərəfinin hüquqları ilə bağlı prokurorların rolu və istintaq üsulları |
A. Təqsirsizlik prezumpsiyası və müdafiə tərəfinin hüquqlarına hörmət edilməsi
30. Məhkəmənin presedent hüququna uyğun olaraq, hər bir cinayət prosesi, eləcə də prosessual məsələlər çəkişməli xarakterə malik olmalı və ittiham və müdafiə tərəfi arasında qüvvələrin bərabərliyini təmin etməlidir. Bu, ədalətli məhkəmə araşdırması hüququnun əsaslı aspektini təşkil edir. AİHM-nin 6(1) saylı maddəsində araşdırma mərhələsində prokurorluq orqanlarından müdafiə tərəfinə onların mülkiyyətində olan və təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutları açıqlamaq tələb olunur. Ədalətli məhkəmə araşdırması hüququna tərəflərin bərabərliyi və eləcə də çəkişməli prosedur prinsipini də daxildir. Bununla həmçinin prokurorun mülkiyyətində olan bütün müvafiq materialların tam şəkildə və vaxtında açıqlanması da nəzərdə tutulur. Buraya həmçinin bütün sübut elementləri və prokuror və ya digər istintaq orqanı tərəfindən təqsir və təqsirsizlik üzrə sübutların axtarılması üzrə öhdəliklərin mövcudluğu da daxildir.
31. Prokurorlar istintaqda tutduqları vəzifələrindən asılı olmadan qanun və xüsusilə aşağıda prinsiplərə uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər:
· qanun qarşısında bərabərlik;
· prokurorların qərəzsizliyi və müstəqilliyi;
· vəkil tutmaq hüquqi;
· müdafiə tərəfinin bütün müvafiq materiallardan istifadə hüququ;
· təqsirsizlik prezumpsiyası;
· tərəflərin bərabərliyi;
· məhkəmələrin müstəqilliyi;
· təqsirləndirilən tərəfin ədalətli məhkəmə araşdırması hüququ;
32. Təqsirsizlik prezumpsiyasına əməl edilməsi sadəcə məhkəmələr üçün deyil, həm də digər bütün dövlət orqanları üçün icbaridir. Prokurorlar və istintaq orqanları bu prinsipin pozulmasına səbəb olan hər hansı bəyanat və ya münasibətdən çəkinməlidirlər.
33. Tərəflərin bərabərliyi prinsipi ədalətli cinayət prosedurunun bir hissəsi kimi istintaqa məruz qalan şəxsin qarşı tərəflə bərabər şəkildə öz işini məhkəmə qarşısına çıxarmasının təmin edilməsini tələb edir. Bu baxımdan, istintaqının hər bir elementinin müzakirə edilməsinə şərait yaratmaq üçün tərəflər arasında ədalətli balansı qoruyub saxlamaq lazımdır.
34. Cinayət məsələlərində çəkişmə prinsipinə hörmət edilməsi istintaq mərhələsi və ədalətli məhkəmə araşdırma mərhələsi arasında fərqlərin qoyulmasını tələb edir. İstintaqın birinci mərhələsi ilə bağlı çəkişmə prinsipi tam deyil. Bu, onun haqqında məlumatın əvvəlcədən irəli sürülməsidir və hökmün verilməsi üçün kafi sübutların olduğunu müəyyən etmək üçün sübutların axtarılmasından ibarətdir və bu mərhələdə həmin prosedur məxfi ola bilər.
35. AİHM-nin 6(3)(a) maddəsində hər bir təqsirləndirilən şəxsin onun başa düşəcəyi dildə və ətraflı şəkildə onlara qarşı irəli sürülən ittihamın təbiəti və səbəbi barəsində məlumatlanma hüququnu müəyyən edir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamlarla bağlı ən azı həbsə alınmazdan əvvəl dəqiq şəkildə məlumatlandırılmalıdır. Belə ki, həmin vaxtdan başlayaraq, 6(1) maddəsində qeyd edilən vaxt müddəti başlayır. Həbs edilən, tutulan və ya azadlıqdan məhrum edilən hər hansı şəxsə onun hüquqları haqqında yazılı məlumat verilməlidir. Belə bildiriş onun başa düşə biləcəyi dildə aydın şəkildə yazılmalı və onun aşağıda verilən hüquqlarını müəyyən edən məlumatları əks etdirməlidir:
· ona qarşı irəli sürülən ittiham barəsində tam şəkildə məlumatlandırılmaq;
· onun tutulmasına səbəb olan əsas haqqında tam şəkildə məlumatlandırılmaq;
· vəkil tutmaq və onunla məsləhətləşmək;
· lazım olduqda tərcüməçi tələb etmək.
36. Təqsir və ya təqsirsizliyin sübutlarını axtarmaq və saxlamaq öhdəliyi hər bir iş üzrə faktlara uyğun olaraq real şəkildə şərh edilməli və sübutların uyğunluğu qiymətləndirilməlidir.
37. Təqsir və ya təqsirsizliklə bağlı olan sübutlar ən azından prosedurun yekunlaşdırılmasına qədər yerli qanunlara uyğun saxlanılmalıdır. Sübutların prokurorluq tərəfindən istifadə edilməməsı faktı onun məhv edilməsi və onun haqqında qeydlərin məhv edilməsinə bəraət qazandırmır. Sübutlar ittiham işinin ləğv edilmə imkanına yol açdıqda, o saxlanılmaldır.
38. Prokuror təqsirləndirilən şəxsin təqsirsizliyinin sübuta yetirilməsinə uyğun gələn materialdan xəbərdar olduqda və ya müdafiəyə maddi cəhətdən kömək etdikdə, həmin materialı açıqlamalıdır. Prokuror bunu etməkdən imtina etdikdə və ya edə bilmədikdə, bu, bəraətin verilməsi və ya ittihamın dayandırılması ilə nəticələnə bilər
39. Prokurorlar hər zaman qanunlar, qaydalar və peşə etikası və Prokurorlar üçün Etik Kodeksə (“Budapeşt təlimatları”) uyğun olaraq peşəkar davranmalı, yüksək toxunulmazlıq standartlarına uyğun və tənbehlə nəticələnməyən davranış sərgiləməlidirlər.
B. Xüsusi istintaq üsulları
40. Prokurorlar öz fəaliyyətlərini cinayətkarlığın sürətli artımına uyğun tənzimləməli, bu çərçivədə qanuna uyğun olaraq, eləcə də ixtisaslaşma və çox şaxəlilik üzrə tələblərə lazımi diqqət yetirərək mümkün olduğu qədər belə üsullardan yararlanmalıdırlar.
41. Prokurorlar belə üsulların şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməsini də nəzərə almalıdır: gizli agentlərdən istifadə, yığıncaqların qeydə alınması, telefon zənglərinin dinlənilməsi, eləcə də elektron məktublar, internet əlaqələrinin izlənilməsi və müdaxilə edilici kompüter proqramlarından, G.P.S. və ya skanerlərdən istifadə və s. buraya daxildir.
42. Prokurorların şəxsi həyata müdaxilə edən xüsusi üsullarla aparılan istintaqlara cəlb olunan prokurorlar ciddi hüquqpozmalarının edildiyi və ya hazırlandığı istisna olmaqla, məsələn, digər tədbirlər istifadəyə yararlı və ya müvafiq olmadıqda və demokratik cəmiyyətdə zəruri olduqda və səmərəli cinayət istintaqı və ittiham üçün müvafiq hesab edildikdə ((2005)10 saylı rəyin 2-ci bəndi) həmin istintaq tədbirlərindən istifadə etməməlidir. Prokurorlar bu mənada mütənasiblik və qərəzsizlik prinsipləri, fərdlərin fundamental hüquqları, eləcə də təqsirsizlik prezumpsiyasına əməl etməlidirlər.
43. Bu üsullardan istifadədə müvafiq balansı qoruyub saxlamaq üçün üzv dövlətlər:
· belə yeni üsullardan istifadə vasitəsilə əldə edilən sübutların istifadə edilməsinə qoyulan məhdudiyyətləri müəyyən etmək və belə məhdudiyyətlərə icazə vermək üçün müvafiq tədbirlər görməli;
· AİHM tərəfindən qoyulan tələblər və Məhkəmənin presedent hüququndan yaranan prinsiplərin (məhkəmə nəzarəti, qanuniliyə əməl edilməsi və s.) qarşılanması üçün müvafiq tədbirlər görməli;
· prokurorlara yeni üsullardan səmərəli istifadə imkanı vermək və cinayət işləri üzrə istintaqı asanlaşdırmaq məqsədilə prokurorlar və prokurorluq xidməti üçün müvafiq təlimləri təşkil etməlidir.
IV. Prokurorların istintaqda rolunun gücləndirilməsi üzrə tədbirlər |
A. Beynəlxalq əməkdaşlıq
44. Prokurorlar dövlətlərin suverenliyinə hörmət etmək və beynəlxalq və yerli qanunların müvafiq müddəalarına ciddi şəkildə əməl etməyin zəruriliyini nəzərə alaraq, cinayət prosedurları sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı inamı təşviq etməlidir.
45. Dövlətlər ixtisaslaşdırılmış şəbəkələr və seminarlar vasitəsilə təcrübələrin bölüşdürülməsi məqsədilə müxtəlif dövlətlər və ya beynəlxalq təşkilatlardan olan prokurorlar arasında beynəlxalq konvensiyalar və qüvvədə olan müqavilələr çərçivəsində birbaşa əlaqələrin qurulmasını təşviq etməlidir.
46. Prokurorlar cinayət məsələlərində ekstradisiya və hüquqi yardım, eləcə də yerli səviyyədə oxşar hallarda olduğu kimi eyni qədər diqqət yetirməklə, öz yurisdiksiyaları çərçivəsində saxlama və müsadirə kimi hallar üzrə beynəlxalq müraciətləri də nəzərdən keçirməlidir.
47. Lazım olduğu təqdirdə hüquqi yardım üçün müraciətlərin ötürülməsi və icrası üçün yeni informasiya texnologiyalarından istifadə etməklə, eləcə də onların müraciətlərinin keyfiyyətini müntəzəm olaraq yeniləməklə və başqa dillərə tərcümə etməklə, prokurorlar arasında əməkdaşlıq gücləndirilə bilər.
48. Beynəlxalq əməkdaşlıq sahəsində prokurorluq fəaliyyətlərinin daha geniş ixtisaslaşması, ixtisaslaşmış prokurorların təyin edilməsi və ya prokurorlara yardım edilməsini nəzərdə tutan beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı müvafiq strukturların müəyyən edilməsi ilə gücləndirilə bilər.
49. Prokurorlar, eləcə də beynəlxalq hüquqi əməkdaşlıq məsələlərinin digər iştirakçıları üçün xüsusi təlimlər təşkil etmək, onların ekstradisiya və qarşılıqlı hüquqi yardım üzrə çağırışlarının tərtib olunması üçün zəruri bacarıqlara malik olmasını təmin etmək və digər ölkələrdən olan bənzər çağırışlara cavab vermək mühüm əhəmiyyət kəsb edir. Belə təlimlərə xarici dillərin öyrənilməsi, beynəlxalq və müqayisəli qanunun yenilənməsi, beləliklə, müxtəlif ölkələrdən olan iştirakçılar arasında səmərəli şəbəkələşmənin təşviq edilməsi və asanlaşdırılması da daxil edilməlidir.
50. Prokurorluq orqanları cinayət məsələlərində beynəlxalq əməkdaşlıq üzrə mərkəzi milli səlahiyyətli orqanları kimi təyin olunduqda, onlara yerli qanunvericilik çərçivəsində birbaşa xarici müraciətləri icra etmək və ya onları icra edilməsi üçün nəzarət hüququ ilə birlikdə digər səlahiyyətli orqanlara göndərmək hüququ verilməlidir.
51. Bu baxımdan, hər bir ölkədə həmin ölkələrin səlahiyyətli orqanları arasında birbaşa əlaqənin qurulmasına imkan verməklə, əlaqə məntəqələrinin yaradılmasına xüsusi diqqət ayrılmalı və həmin ölkələr arasında ortaq maraq kəsb edən məsələlərin müzakirəsi üçün müntəzəm yığıncaqlar keçirilməlidir. Belə əlaqə mərkəzləri beynəlxalq əməkdaşlıq məsələlərində güclü bacarıqlara malik olmalı və xarici dilləri başa düşməli və danışmalıdır. “Vasitəçi hakimlər”in təmin edilməsi bu məqsədlər üçün faydalı ola və təşviq edilə bilər.
B. Kütləvi media ilə qarşılıqlı əlaqələr
52. Prokurorlar ictimai inamı artırmaqla, öz vəzifə və səlahiyyətləri haqqında məlumat yaymaqla və beləliklə işləri üzrə bilikləri gücləndirməklə,işlərində şəffaflıq və aşkarlıq prinsipinə uyğun kütləvi media ilə səmərəli qarşılıqlı əlaqələrin qurulmasına olan zərurətlə bağlı məlumatlı olmalıdırlar.
53. Prokurorlar tərəfindən kütləvi mediaya təqdim edilən məlumatlar aydın, etibarlı və dəqiq olmalı və istintaqın effektivliyi və ya prokurorların şəxsi təhlükəsizliyinə xələl gətirməməlidir. Həmin məlumatlar xüsusi prokurorlara deyil, prokurorluq orqanının fəaliyyətinə istinad etməlidir. Prokurorlar media ilə heç bir ayrı-seçkilik olmadan rəftar etməlidirlər.
54. Bu məlumatlar ifadə azadlığı, şəxsi məlumatların qorunması, istintaqın məxfiliyi, ləyaqət, təqsirsizlik prezumpsiyası prinsipi, prosesin digər iştirakçıları ilə bağlı etik normalar, eləcə də spesifik məlumatların açıqlanmasını tənzimləyən və məhdudlaşdıran hüquqi normalara uyğun olmalıdır.
55. Prokurorlar həmçinin cəmiyyətə cinayətlərin qarşısının alınması və ya onların ittiham edilməsi, eləcə də cinayət proseslərinin yerli və ya beynəlxalq səviyyədə aparılmasının daha yaxşı başa düşülməsini təşviq etmək üçün kütləvi media vasitəsilə cəmiyyətə məlumat verə bilər.
56. Cəmiyyəti vaxtında öz fəaliyyətləri haqqında daha yaxşı məlumatlandırmaq üçün prokurorlar veb-saytların quraşdırılması, müvafiq qaydada idarə edilməsi və müntəzəm yenilənməsi də daxil olmaqla, informasiya texnologiyalarından istifadə etməlidirlər.
57. Prokurorların kütləvi media ilə birbaşa və müntəzəm əlaqələrə malik olduğu yerlərdə keyfiyyətli və kəsərli məlumatların təmin edilməsi məqsədilə kütləvi media ilə qarşılıqlı əlaqələr üzrə spesifik təlim təşkil edilməlidir. Belə təlimlər zəruri olan vaxtlarda ekspert və jurnalistlərin köməyi ilə aparılmalıdır.
C. Təlim
58. Xüsusilə istintaqlar çərçivəsində prokurorluq yüksək peşə ixtisası prokurorluq xidmətinin effektiv işi və ona cəmiyyətin inamının artırılması üçün zəruri şərtdir. Buna görə də prokurorlara müvafiq təhsil verilməli və onlar öz ixtisasları üzrə ilkin və davamlı təlim kurslarından keçməlidirlər.
TÖVSİYƏLƏRİN SİYAHISI
a. Üzv dövlətlər cinayət işləri üzrə istintaq çərçivəsində prokurorlar və istintaq orqanlarının hüquq və öhdəliklərini aydın şəkildə müəyyən etməlidir.
b. Ümumiyyətlə, prokurorlar ən gec ittihamın başlanması və ya davam etməsi ilə bağlı qərar verilərkən istintaqın qanuniliyini yoxlamalıdırlar. Bu baxımdan, prokurorlar həmçinin istintaqın aparılması qaydası və insan hüquqlarına hörmət edilib-edilməməsini qiymətləndirmək üçün istintaqa nəzarət etməlidirlər.
c. Bu vəzifəni yerinə yetirərkən, prokurorlar istintaqın qanuniliyini təsdiq etmək və hər hansı qanun pozuntusuna qarşı cavab tədbiri görmək üçün hüquqi, maliyyə və texniki vasitələrə malik olmalıdır.
d. istintaq hər zaman qərəzsiz aparılmalı və müstəntiqlərin təqsir və təqsirsizliklə bağlı sübutları axtarmaq və saxlamaq hüququ da oraya daxil edilməlidir.
e. Prokurorlar əldə olan bütün etibarlı sübutları məhkəməyə təqdim etməli və bütün müvafiq sübutları təqsirləndirilən tərəfə açıqlamalıdır.
f. Prokurorlar hər zaman təqsirləndirilən tərəf, zərərçəkənlər, şahidlər və ya proseslərdə iştirak edən digər şəxslərin hüquqlarına hörmət etməlidir.
g. Prokurorlar və istintaq orqanları əməkdaşlıq etməli və vəzifələrinin icrası üçün zəruri olan bütün məlumatları mübadilə etməlidirlər.
h. Prokurorlar və istintaq orqanları xüsusilə iş tutulanlarla bağlı olduqda ən effektiv şəkildə öz vəzifələrini icra etməli və istintaq üsullarından istifadənin proporsionallığı prinsipinə hörmət etməlidirlər.
i. Prokurorlar və istintaq orqanları qanun və ən müasir istintaq üsulları ilə bağlı olaraq müvafiq təlimdən keçməlidirlər.
j. Prokurorlar və istintaq orqanları ən effektiv beynəlxalq əlaqələr və əməkdaşlığı inkişaf etdirməlidir.
k. Prokurorlar öz vəzifələri və səlahiyyətləri haqqında məlumat verməklə, işləri haqqında biliklərin artırılmasına töhfə verməklə və təqsirsizlik prezumpsiyası və ədalətli məhkəmə araşdırması hüququ kimi fundamental hüquq və prinsiplərə hörmət etməklə ictimai inamı artırmağa çalışmalıdırlar.