CCPE(2007)25
Strasburq, 30 noyabr 2007-ci il
AVROPA PROKURORLARININ MƏŞVƏRƏTÇİ ŞURASI
(CCPE)
Avropa Prokurorlarının Məşvərətçi Şurasının
“Cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi yolları” mövzusunda
1 N°-li Rəyi (2007)
CCPE-nin ikinci plenar iclasında təsdiq edilmişdir
(Strasburq, 28 – 30 noyabr 2007-ci il)
I. GİRİŞ
1. Avropa Prokurorlarının Məşvərətçi Şurası (CCPE) Nazirlər Komitəsinin 13 iyul 2005-ci il tarixli qərarı ilə prokurorluq xidməti ilə bağlı rəylərin hazırlanması və prokurorluğun cinayət ədliyyə sistemindəki rolu haqqında 6 oktyabr 2000-ci il tarixli Rec(2000) 19 saylı Tövsiyənin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə yaradılmışdır. Qanunun aliliyi və insan haqlarının qorunması “... şəxsin hüquqları və cinayət ədliyyə sisteminin tələb olunan səmərəliyini nəzərə alaraq, cəmiyyətin adından və ictimaiyyətin maraqları naminə qanun pozuntusunun cinayət sanksiyaları ilə nəticələndiyi hallarda qanunun tətbiqini təmin edən dövlət orqanı” olan prokurorluq əməkdaşlarının fəaliyyətinin fundamental prinsiplərini təşkil edir.
2. Avropa Şurasına üzv dövlətlərin dövlət və hökumət başçılarının Üçüncü sammiti çərçivəsində qəbul edilmiş “Varşava bəyannaməsi” və Fəaliyyət planı Avropa Şurasının insan haqları, demokratiya, qanunun aliliyinin təmin edilməsində, terrorizm, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin aparılmasında, həmçinin Avropa Şurasının hüquqi sənədləri və hüquqi əməkdaşlıq mexanizmlərinin gələcəkdə inkişaf etdirilməsindəki rolunu yüksək siyasi səviyyədə önə çəkmişdir. Həmçinin, Varşava sammiti Avropa İttifaqı ilə insan haqları, demokratiya və qanunun aliliyi sahələrində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə dair öhdəlik nəzərdə tutur.
3. Rec(2000) 19 saylı Tövsiyənin 37 və 39-cu bəndləri növbəti İzahlı qeyddə daha geniş təsvir edilmiş cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq haqqında bir sıra müddəalar nəzərdə tutur. Xüsusilə, Nazirlər Komitəsi qeyd edir ki, “... mövcud beynəlxalq sənədləri və tövsiyələri, o cümlədən bu sahənin Avropa Şurasının xüsusi nəzarəti altında olması faktını, prokurorların cinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlıqda rolunu nəzərə alaraq komitə cari vəziyyətin yaxşılaşdırılması məqsədilə praktiki tədbirlərin müəyyən edilməsinə diqqət yetirir”. Nazirlər Komitəsi institusional təcrübədə beynəlxalq əməkdaşlığın qarşısında duran maneələrdən və ilk növbədə hər bir ölkədə əlaqələndirmə mexanizmlərinin yaradılması zərurətindən xəbərdardır. Tövsiyədə qeyd edilir ki, prokurorlar “birbaşa olaraq və ya nota təqdim edərək qarşılıqlı hüquqi yardım haqqında sorğuların icrası ilə bağlı bütün proseslərdə iştirak edir”. Milli sistemlərin əksəriyyətində prokurorlar ekstradisiya, həbs haqqında qətnamə və ya məhkəmə tapşırığı formasında daxil olan sorğu üzrə beynəlxalq əməkdaşlığın aktiv iştirakçıları hesab olunur. Bu ikili öhdəlik əməkdaşlığın bütün amilləri üzrə geniş biliklər tələb edir və daha ümumi səviyyədə əlaqələndirmə üçün imkanlar nəzərdə tutur.
4. Bu Rəy Nazirlər Komitəsinin 29 noyabr 2006-cı ildə CCPE üçün qəbul edilmiş Fəaliyyət Planının ümumi prinsiplərinə uyğun olaraq hazırlanmışdır. Rəyin məqsədi cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım çərçivəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində xüsusilə vacib rol oynayan əsas elementləri müəyyən etməkdir.
5. CCPE-yə məlumdur ki, cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq məsələləri yalnız prokurorlara aid deyil. Ekstradisiya, həbs haqqında qətnamələrin qəbul edilməsi və sübutların xaricdə toplanılması əsasən bizim həmkarlarımız olan, Avropa Şurası və Avropa Hakimlərinin Məşvərətçi Şurasında (CCJE) özünün təmsilçi orqanı olan hakimlərin öhdəliyidir. Bu sahədə birinci dərəcəli rol oynayan qurumlar arasında Avropa Şurasının daxilində fəaliyyət göstərən Cinayətkarlıq problemləri üzrə Avropa komitəsi (CDPC), Cinayət işləri üzrə əməkdaşlıq haqqında Avropa konvensiyalarının işləməsi üzrə Ekspertlər komitəsi (PC-OC), həmçinin Ədalət mühakiməsinin səmərəliyi üzrə Avropa Komissiyası (CEPEJ) yer almışdır.
6. Hazırkı Rəydə CCPE qlobal və regional hüquqi sənədlər, xüsusilə, Avropa Şurasının müvafiq konvensiyaları nəzərə alınıb. Həmçinin, burada Avropa Hakimlərinin Məşvərətçi Şurasının (CCJE) beynəlxalq və Avropa hüququnun səmərəli şəkildə tətbiqinin təmin edilməsində milli hakimlərin rolu haqqında (2006) 9 saylı Rəyinə istinad edilir.
7. CCPE hüquq-mühafizə orqanlarının nümayəndələri və prokurorluq əməkdaşlarının iştirakı ilə cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunduğu müxtəlif forumlar, xüsusilə, Mütəşəkkil cinayətkarlıqla bağlı işlər üzrə ixtisaslaşmış prokurorların 1-ci Ümumavropa prokurorlar konfransı (Kazerta ş., 2000-ci il), Baş prokurorların 7-ci Avropa Konfransı (Moskva ş., 2006-cı il), Ədliyyə və Daxili işlər nazirlərinin Yüksək səviyyəli konfransı (Moskva ş., 2006) çərçivəsində həyata keçirilmiş işləri və qəbul edilmiş rəyləri nəzərə almışdır.
8. Hazırkı Rəyin tərtib edilməsi məqsədilə CCPE elmi ekspertin dəstəyi ilə 30 üzv dövlətin onlar üçün nəzərdə tutulan suallara verdiyi cavabları təhlil etmişdir. Yekunda hazırlanmış hesabat Cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq məsələləri üzrə 4-5 iyun 2007-ci ildə Varşava şəhərində keçirilmiş konfransda əksər üzv dövlətlərin prokurorluq orqanlarının nümayəndələri və Avropa İttifaqının hüquqi əməkdaşlıq orqanlarının (Eurojust və cinayət işləri üzrə Avropa məhkəmə şəbəkəsi) iştirakı ilə müzakirə olunmuşdur.
9. CCPE bu yanaşması ilə Avropa Şurası və Avropa İttifaqı arasında imzalanmış Anlaşma memorandumuna uyğun olmaq istəyir. Həmin Memoranduma əsasən, “ümumi prioritetlər və əsas əməkdaşlıq sahələrinə” “insan hüquqları və əsas azadlıqları; qanunun aliliyi, hüquqi əməkdaşlıq və yeni məsələlərin müzakirə edilməsi” daxildir.
CARİ VƏZİYYƏT VƏ MÖVCUD ÇATIŞMAZLIQLAR
10. Beynəlxalq cinayət, terrorizm və korrupsiya vasitəsi ilə cəmiyyətə yönələn hücumlara dövlətlər birliyinin cavabı olaraq cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Nazirlər Komitəsinin 1997-ci il tarixli Qətnaməsinin xüsusilə korrupsiya ilə bağlı olmasına baxmayaraq, daha ümumi şəkildə tətbiq olunduğu üçün burada qeyd edilməlidir ki, “korrupsiya Avropa Şurasının əsas prinsipləri və dəyərlərinə ciddi təhlükə olub, vətəndaşların demokratiyaya olan əminliyini sarsıdır, hüquq normalarını pozur, insan haqlarını inkar edir, sosial və iqtisadi inkişafa əngəl törədir.”
11. Rec(2000)19 saylı Tövsiyədə bu sahədə əldə olunan bir sıra əhəmiyyətli nailiyyətlər öz əksini tapıb:
· Avropa Şurası çərçivəsində Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasının İkinci Əlavə Protokolu (CETS No. 182), Kibercinayətkarlıq haqqında Konvensiya (CETS No.185) və onun kompüter sistemləri vasitəsi ilə törədilən irqçi və ksenofobiya xarakterli əməllərin kriminallaşdırılmasına dair Əlavə Protokolu (CETS No.189), Terrorçuluğun qarşısının alınması haqqında Avropa Konvensiyasına düzəliş edən Protokol (CETS No.190), Terrorçuluğun qarşısının alınması haqqında Konvensiya (CETS No.196), İnsan alverinə qarşı mübarizə haqqında Konvensiya (CETS No.197), yaxud Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması, axtarışı, üzərinə həbs qoyulması və müsadirəsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Konvensiya (CETS No.198) kimi əsas konvensiyalar qəbul edilib. Bundan başqa, BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Palermo Konvensiyası, BMT-nin Korrupsiyaya qarşı Konvensiyası, Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında Beynəlxalq Konvensiya, Avropa İttifaqına üzv dövlətlər arasında Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Konvensiya, Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında MDB Konvensiyası hüquqi əməkdaşlığı gücləndirməyə xidmət edib. Bununla belə, qeyd etmək lazımdır ki, nəzərdə tutulan dövlətlərin hamısı hələ də bu konvensiyalara qoşulmayıb, həmin konvensiyalardan bəziləri isə hələ də qüvvəyə minməyib. Bu, onların təsirini azaldır və hüquq praktikləri tərəfindən səmərəli icrasını yavaşıdır. Bundan başqa, mövcud müvafiq Avropa Şurası sənədlərindəki çatışmazlıqlar Moskvada keçirilən yuxarıda qeyd olunan Ümumavropa prokurorlar konfransında vurğulanıb.
· Avropa İttifaqı çərçivəsində Avropa Həbs Orderi və Avropa İttifaqına üzv dövlətlər arasında əhatə olunan prosedurlar haqqında Şuranın Çərçivə Qərarı 2002 kimi yeni sənədlər qəbul edilib, qarşılıqlı razılaşma prinsipinə təsir edən Eurojust kimi yeni orqanlar, qarşılıqlı fəaliyyət göstərən hakimlər və Cinayət işləri üzrə Avropa məhkəmə şəbəkəsi təsis olunub.
· müxtəlif üzv dövlətlərin hüquq orqanları arasında ikitərəfli, regional və beynəlxalq sazişlər vasitəsi ilə, qarşılıqlı hüquqi yardım sahəsində birbaşa əlaqələr artmaqdadır.
12. Bununla belə, əsl yenilik bu sazişlərdə təmin olunan sonrakı seçimlərə əsaslanır. İstinad olunan sazişlər məlumatın bir milli ədliyyə orqanından digər dövlətdəki həmin orqana maneəsiz ötürülməsini təmin edir. Avropa Şurasına üzv dövlətlərin əksəriyyətində tam operativ olan hüquqi sənədlər milli ədliyyə orqanlarına cinayət hərəkətləri haqqında hesabat vermək və müvafiq məlumatı ötürmək səlahiyyəti verir. Bu təcrübə Nazirlər Komitəsi tərəfindən Rec(2000)19 Tövsiyədə təklif olunub. Ona əsasən, “nəhayət, müxtəlif ölkələrin dövlət prokurorları arasında maneəsiz məlumat mübadiləsinə imkan yaradan mövcud mexanizmlərin vaxtının uzadılması imkanı nəzərdə tutulmalıdır”.
13. İndi bu yeniliklərə praktiki cavablar, yəni nəzərdə tutulan beynəlxalq sazişlərin üzv dövlətlərin daxili qanunlarında və təcrübəsində əhəmiyyətli dəyişikliklər yaradıb-yaratmaması, və nəhayət, prokurorların bu yeni sənədlərdən istifadə edib-etməmələri və baş vermiş son dəyişikliklərdən xəbərdar olub-olmamaları nəzərə alınmalıdır.
14. CCPE tərəfindən aparılan ilkin araşdırma göstərir ki, bəzən əməkdaşlıq vasitəsi ilə icra olunmuş praqmatik həllər və nəzərdə tutulan prosesdə tərəflər arasında birbaşa əlaqələrin yaradılması sayəsində, beynəlxalq əməkdaşlıq doxsanıncı illərdən bəri təkmilləşdirilib. Bəzi dövlətlər müvafiq maraqlı tərəflərin ixtisaslaşmasının artırılmasını və qarşılıqlı hüquqi yardım sistemi çərçivəsində təklif olunan imkanlarla bağlı daha düzgün daxili məlumatı qeyd edir.
15. Bununla belə, bir çox elementlər Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın zəruri inkişafını çətinləşdirən və bu günki beynəlxalq əməkdaşlıq prosedurlarında hədsiz uzunçuluq səbəbi olan elementlər kimi vurğulanır, xüsusən də:
· hüquqi əməkdaşlığın pan-Avropa mexanizmləri bu günki çağırışlar və tələbləri hər zaman dəqiq yerinə yetirmir;
· hüquqi yardım haqqında sorğuların tərtib edilməsi (məs. çox qısa və ya həddindən artıq çox təfsilat, imzalanmamış və ya zəif araşdırılmış, səhv tərcümə olunmuş, dəqiq olmayan və ya prosedura uyğun olmayan və s.) tərəfdaşlıq prosesini sarsıda bilər; təlimin olmaması, prosedurların mürəkkəbliyi, təmin olunan resursların azlığı bu çatışmazlıqları izah edə bilər;
· sorğuların göndərilməsi çox vaxt yalnız diplomatik kanallara həyata keçirilir, baxmayaraq ki, Cinayət İşləri üzrə Qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyası (CETS No. 30) və onun İkinci Əlavə Protokolu (CETS No. 182) sorğuların təqdim və icra edilməsi üçün səlahiyyətli ədliyyə orqanları arasında birbaşa əlaqələrin qurulmasını mümkün edir; məlumat çatışmazlığı (səlahiyyətli orqanların təfsilatları) çox vaxt sorğuların mərkəzi orqanlardan keçməsinə məcburiyyət yaradır; bundan başqa, fərqli əlaqə kanallarından eyni vaxtda istifadə olunması tərəfdaşlıq prosedurunun düzgün icrasına maneə olan amildir;
· hüquqi yardım haqqında sorğuların sayının artması prosedurların yüklənməsinə səbəb olan amildir; belə olduqda, orqanlar az əhəmiyyətli işlərlə bağlı sorğuların icrasının ləngitməyə məcbur qalır;
· sorğuların icrasına gəldikdə, Avropa əməkdaşlıq mədəniyyətinin olmaması və müqavimət dərəcəsi əməkdaşlıq prosedurlarının daxili proseduralar nəticəsində sistematik olaraq zəifləməsi ilə nəticələnir.
16. Amma hüquq sistemləri arasında olan fərqlər ciddi çətinliklər yaradır. Bu sistemlər haqqında qarşılıqlı məlumatlılıq mövcud əməkdaşlığın möhkəmlənməsinə imkanlar yaradar. Sübutların əldə edilməsi vasitələri, ikili cinayət məsuliyyəti məsələsi (“ne bis in idem”- latınca), sorğu edən orqanın səlahiyyəti və ya qiyabi məhkəmə qərarları sistemi beynəlxalq səviyyədə qurumlararası əməkdaşlıqdan faydalanacağı konsepsiya və prosedurların əsas nümunəsi kimi göstərilə bilər.
17. Belə çətinliklər ekstradisiyaya müraciət edən zaman yaranır. Məsələn, siyasi əsaslar qeyd edildikdən sonra ekstradisiya prosedurlarının dayandırılması, eyni hüquqi məzmunun fərqli interpretasiyası və ya residivistlərin (təkrar cinayət törətmiş vətəndaşların) ekstradisiyasının mümkünsüzlüyü hallarını qeyd etmək olar.
18. Digər ümumi tənqid olunan mənfi aspekt qeyri-obyektiv səbəbdən gecikmələrin olmasıdır. Burada söhbət artıq struktur və ya hüquqi problemlərdən deyil, sadəcə olaraq hüquqi fəsadlarsız peşəkar disfunksiyalardan gedir.
19. Bu səbəbdən, həm mərkəzi orqanlar səviyyəsində, həm də bu əməkdaşlıqda fərdi tərəflər səviyyəsində Cinayət işləri üzrə əsl beynəlxalq hüquqi əməkdaşlıq mədəniyyətinin yaradılması üçün ölçülər və vasitələr işlənib hazırlanmalıdır.
20. Bununla əlaqədar, CCPE xatırladır ki, mütəşəkkil cinayətkarlıq halları üzrə ixtisaslaşan prokurorların İlk pan-Avropa Konfransı çərçivəsində təklif olunub ki, “prokurorlar arasında əlaqə və məlumat mübadiləsi daha strukturlu şəkildə təşkil olunsun” və “Avropa Şurası az sayda prokurorlardan ibarət əlaqə qrupu təsis etsin, ümumiyyətlə, mövcud sazişlərə əlavələr edərək qeyri-rəsmi şəkildə prokurorlar arasında, xüsusilə də, mütəşəkkil cinayətkarlıqla bağlı hallar üzrə ixtisaslaşan prokurorlar arasında əlaqələr və məlumat mübadiləsi təşkil etsin”, həmçinin müəyyən edilib ki, “Avropa Şurasının əlaqələndirici qrupu və Eurojust arasında əlaqələr yaradılmalıdır (...)”.
21. Bənzər şəkildə, 2006-cı ilin noyabr ayında Moskvada görüşmüş Avropa Ədliyyə və Daxili İşlər Nazirləri bu ideyanı dəstəkləyib: “beynəlxalq hüquqi əməkdaşlığa görə məsuliyyət daşıyanlar arasında əlaqələrə şərait yaratmaq üçün, xüsusən də, terrorizm, korrupsiya və mütəşəkkil cinayətkarlıq, insan alveri və kibercinayətkarlıq sahələri üzrə milli əlaqələndirmə şəbəkəsi işlənib hazırlanmalıdır”.
CCPE-nin TÖVSİYƏLƏRİ
22. CCPE Cinayət İşləri üzrə beynəlxalq əməkdaşlıqda əsas təkmilləşmələri, son illərdə qəbul edilmiş Avropa və beynəlxalq sənədlərlə əlaqədar, bu əməkdaşlığın maraqlı tərəfləri arasında mübadilələrə şərait yaratmaq üçün müəyyən olunan təsisat strukturları, eləcə də hüquqşünaslar arasında inkişaf etdirilmiş səmərəli əlaqələri vurğulayıb. CCPE Avropa Şurasının müvafiq orqanlarını və üzv dövlətləri, müxtəlif üzv dövlətlər arasında və həmin dövlətlərin hüdudlarından kənarda cinayətkarlıq sahəsində əsl hüquqi əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilmsəi məqsədi ilə institusional, normativ və şəxslərarası şərtləri müəyyən etmək üçün səy göstərməyə və səylərini gücləndirməyə çağırır.
Beynəlxalq əməkdaşlığın normativ çərçivəsi ilə bağlı fəaliyyətin göstərilməsi
23. Beynəlxalq əməkdaşlığın normativ çərçivəsini gücləndirmək və hüquq praktiklərinin müəyyən qarşılıqlı yardımın tətbiq edilməsi həvalə olunmuş gündəlik işinin təkmilləşdirilməsinə imkan yaratmaq məqsədi ilə CCPE xatırladır ki, müvafiq Konvensiyalar, yəni yuxarıda 11-ci paraqrafda qeyd olunanlar, nəzərdə tutulan dövlətlər, xüsusən də Avropa Şurasına üzv dövlətlər tərəfindən sürətlə ratifikasiya olunur və səmərəli şəkildə tətbiq edilir.
24. Bundan başqa, CCPE müvafiq Avropa Şurası sənədlərini müasirləşdirmək məqsədi ilə PC-OC çərçivəsində gedən işi tam şəkildə dəstəkləyir. Baş prokurorların 7-ci Avropa Konfransının (Moskva, 2006) nəticələrinin ardınca CCPE Nazirlər Komitəsini və Avropa Şurasının müvafiq komitələrini daha uyğun əməkdaşlıq prosedurlarını müəyyən etmək üçün ekstradisiya sənədlərinin yenilənməsi işi, qarşılıqlı yardım və cinayət işlərinin göndərilməsi prioritetini saxlamağa, ekstradisiyası tələb olunan və əsas hüquqları açıq-aydın tam zəmanətli qalacaq şəxsin razılığı əsasında, sistemlər arasında qarşılıqlı inam və etibara əsaslanaraq, şəxslərin təhvil verilməsi prosedurunu sadələşdirərək sürətləndirməyə dəvət edir.
25. Bununla əlaqədar, CCPE Nazirlər Komitəsini cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq haqqında hərtərəfli Avropa Şurası konvensiyasının hazırlanması haqqında düşünməyə çağırır.
26. CCPE həmçinin üzv dövlətlərin qanunverici hakimiyyətlərini beynəlxalq əməkdaşlığın səmərəli fəaliyyətini hədəf tutan milli prosedurları sadələşdirmək imkanını araşdırmağa dəvət edir ki, bu prosedurların çəkisi, xüsusilə ekstradisiya prosedurları ilə əlaqədar, əməkdaşlıq tələblərinin tətbiqinə mane olmasın. İstənilən halda, belə sadələşdirilmiş prosedurlarda maraqlı şəxsin hüquqlarına tam şəkildə hörmət edilməlidir.
Beynəlxalq əməkdaşlığın keyfiyyəti ilə bağlı fəaliyyət
27. Məhz Rec(2000)19 saylı Tövsiyə (xüsusən də Maddə 38), Avropa Hakimlərinin Məşvərətçi Şurasının (CCJE) milli və Avropa səviyyəsində hakimlər üçün müvafiq ilkin və xidmətdaxili təlimlər haqqında 4 (2003) saylı Rəyi, beynəlxalq və Avropa hüququnun səmərəli tətbiqinə təminat verilməsində milli hakimlərin rolu haqqında 9 (2006) saylı Rəyi, eləcə də Varşavada prokurorların Avropa Konfransının nəticələrinə əsaslanaraq, CCPE tövsiyə edir ki, beynəlxalq hüquqi əməkdaşlıq ilə məşğul olan prokurorların, eləcə də belə əməkdaşlıqda digər maraqlı tərəflərin təlimi ciddi şəkildə inkişaf etdirilsin. Beynəlxalq əməkdaşlıq üzrə təkmilləşdirilmiş peşəkar təlim yalnız məsələ ilə bağlı mövcud konvensiyaları deyil, eyni zamanda mövcud təşkilatlar və sistemlər tərəfindən tutuşdurulan operativ məlumatı nəzərə almalıdır. Nəticədə, hüquqşünaslar hüquqi yardım haqqında sorğuları daha yaxşı şəkildə tərtib etmək, onlara ünvanlanan tələbləri daha yaxşı başa düşmək və yerinə yetirmək üçün gərəkli bacarıqlarla yiyələnəcəkdir. Beynəlxalq hüquqi əməkdaşlığın maraqlı tərəflərinin bacarıqlarının, hüquqi yardım haqqında sorğunu daha dəqiq formalaşdıracaq və üçüncü sistemləri yanlış tələblərlə yükləməyə yol verməyəcək şəkildə təkmilləşdirmək məqsədi ilə, onların biliklərini artırmaq səyləri göstərilməlidir.
28. Hər bir prokurorun və ya hakimin müvafiq beynəlxalq sənədlər və kanallar haqqında məlumatlı olması zəruri olmaya bilər və ya hətta mümkün deyil. Amma onların bəzilərinin bu məsələ üzrə mütəxəssis olması və beləliklə xüsusi təlimli olması vacibdir.
29. Cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığa yönələn bu təlim hakimlər və prokurorlar üçün, eləcə də müvafiq hallarda müdafiə edən vəkillər üçün insan haqları təlimlərini əhatə etməlidir. İnsan haqları qanununun əsas elementlərinin ümumi təsvirinə əlavə olaraq, Cinayət işləri üzrə hüquqi yardım haqqında beynəlxalq tapşırıqların yerinə yetirilməsi ilə bağlı birbaşa cinayət işinin qaldırılmasında şəxslərin əsas hüquqlarını və müvafiq standartları dəqiqliklə müəyyən etmək mühümdür. Müvafiq hüquqlar və standartlar əməkdaşlıq formalarına görə fərqləndiyi üçün, bu, müvafiq qanun mənbələrinin hər biri haqqında rəylərin verilməsi ilə nəticələnməlidir. Belə rəylər və ya ixtisaslaşmış sənədlər həm də üstünlük təşkil edən təcrübə və presedent hüququna əsaslanmalıdır.
30. Bu bilik müvafiq vasitələr və təlimçi təşkilatlar, xüsusən də hakimlər və prokurorlar üçün milli təlim müəssisələri tərəfindən yayılmalıdır. Avropa Şurasının Lissabon Şəbəkəsi və Avropa Məhkəmə Təlimi Şəbəkəsi kimi hakim və prokurorların təlimi üçün müvafiq Avropa qurumları da bu məzmunda aparıcı rol oynaya bilər.
31. Bu təlim, eyni zamanda, məhz hüquqşünaslar arasında birbaşa əlaqənin təkmilləşdirilməsinə töhfə vermək, hüquqi yardım haqqında sorğuların keyfiyyətini və onlara ünvanlanan tələbləri daha yaxşı anlaması üçün onların xarici dillər üzrə təlim keçməsi ilə tamamlanmalıdır.
32. Bundan başqa, CCPE tövsiyə edir ki, səlahiyyətli milli orqanlar tərəfindən hüquqşünaslar üçün zəruri məlumat vasitələri işlənib hazırlansın. O, Avropa məhkəmə şəbəkəsinin cinayət işlərində işçi alət kimi istifadə etdiyi və dövlətlərin hüquq sistemlərinin anlaşılmasına şərait yaradan Fiches Belges adlı, milli istintaq sistemləri haqqında geniş məlumat spektrini əhatə edən qarşılıqlı hüquqi yardım haqqında məlumat kitabçasının tərtib olunmasının faydasını xüsusilə vurğulayır. Ümumi qaydaların müəyyən edilməsi və yardım göstərilməsi məqsədilə hazırlanmış tətbiq olunan mexanizmin qısa təsvirini özündə əks etdirən sirkulyar və ya təlimat kitabçaları, qabaqcıl təcrübə topluları və çoxdilli formalar işlənib hazırlanaraq, yenilənərək hüquq praktikləri arasında (o cümlədən, internet vasitəsilə) yayıla bilər.
Müvafiq hallarda, bu CCPE-nin dəstəyi ilə həyata keçirilməlidir. Bu mövzuda, 2006-cı ilin noyabr ayında Moskvada CCPE Avropa Ədliyyə və Daxili İşlər Nazirlərini “belə məlumata daha asan çıxışa icazə verən müxtəlif əməkdaşlıq növləri ilə əlaqədar üzv dövlətlərdə qüvvədə olan prosedurların məlumat bazasını yaratmağa” çağırır və bu təklifə dəstəyini təkrarlayır. Belə məlumat bazasını zənginləşdirmək üçün yuxarıda qeyd olunan vasitələr Avropa Şurasına göndərilə bilər.
33. Prokurorların peşəkar təlimi və məlumatlandırılması ilə əlaqədar, müvafiq hallarda Avropa Şurası çərçivəsində digər maraqlı tərəflərlə əməkdaşlı şəkildə, eləcə də digər müvafiq Avropa və beynəlxalq müəssisələr və təşkilatlarla tərəfdaş olaraq, CCPE üzv dövlətlərin ixtisaslaşmış prokurorlarının yuxarıda qeyd olunan Kazerta konfransı kimi iclaslarının təşkilində rol oynaya bilər.
34. Hüquqi yardım haqqında sorğuların ünvanlanma üsulu eyni zamanda onların göndərilmə üsullarının inkişafından asılıdır. CCPE vurğulayır ki, yeni təhlükəsiz elektron kanallar vasitəsi ilə mübadilələrə imkan yaratmaq üçün informasiya texnologiyalarının təklif etdiyi imkanlardan geniş isifadə etmək olar; bu zaman məxfilik prinsipinə və sənədlərin identifikasiyasına tam şəkildə təminat verilməlidir.
Hüquqşünaslar arasında mübadilənin genişlənməsi
35. Avropa Şurası səviyyəsində, CCPE Nazirlər Komitəsini cinayət işləri üzrə Avropa məhkəmə şəbəkəsi və Eurojust-ın xətləri ilə strukturlaşdırılmış əməkdaşlıq və məlumat mübadiləsinin yaradılmasının aktuallığını əks etdirməyə dəvət edir. Bu, müvafiq Avropa Şurası sənədləri əsasında, xüsusən də Avropa İttifaqının belə orqanlarına tərəf olmayan üzv dövlətlərə, bənzər xidmətlərdən faydalanmaq imkanı verir.
36. “Avropa Şurası və Avropa İttifaqı arasında Anlaşma Memorandumu”nda dəlillər və öhdəliklərə əsaslanaraq, cinayət ədliyyəsi sahəsində əməkdaşlıqla əlaqədar yaranan problemlərə baxmayaraq, Avropa Şurasının rəsmi və qeyri-rəsmi rolunu təyin etmək mümkün yanaşmalardan biri ola bilər.
37. Birbaşa və desentralizasiya edilmiş göndərilmə üsullarına müraciət etmədən, hər bir ölkədə mövcud olan milli hüquq sisteminə əsasən, üzv dövlətlər eyni zamanda “ixisaslaşdırılmış struktur”un müəyyən edilməsi məsələsini nəzərdən keçirə bilər. Bu struktura müvafiq səviyyədə hüquqi yardım haqqında sorğularla sorğu edən və sorğu edilən dövlətlərin hüquqşünaslarının qarşılaşdığı çətinliklərin həll edilməsinə yardım, eləcə də yardım prosedurlarına mane olan və ya zəiflədən problemlərlə məşğul olmaq həvalə oluna bilər.
38. CCPE eyni zamanda cinayət ədliyyəsi sahəsində üzv dövlətləri beynəlxalq əməkdaşlığa hazırlığını gücləndirməyə, hüquqşünasların tam və birbaşa iştirakına şərait yaratmağa çağırır. CCPE üzv dövlətləri müvafiq əlaqəli şəxslərin adlarını, eləcə də onların ixtisaslaşdığı sahələri, məsuliyyət daşıdığı sahələri və s. əks etdirən əlaqələr və ünvanlar siyahısını tərtib etməyə, həmin siyahını Avropa Şurası tərəfindən idarə olunan məhdud veb səhifədə nəşr etməyə dəvət edir. Sistemin səmərəliliyinə təminat vermək üçün bu siyahı dövlətlər tərəfindən mütəmadi olaraq yenilənməlidir. Bu, müvafiq Konvensiyalara hörmət etməklə, diplomatik kanallardan keçmədən, hüquqşünaslar arasında birbaşa mübadilələrə imkan yaradacaqdır.
39. Bundan başqa, CCPE nəzərə alır ki, dövlətlər arasında hakim/prokuror əlaqələrinin mübadiləsi, Rec(2000)19 saylı Tövsiyənin 38-ci Maddəsinin təşviq etdiyi şəkildə, yaxşı təcrübəni təşkil edir. Bu, mümkün qədər inkişaf etdirilməlidir, çünki milli ədliyyə sistemləri arasında əlaqələrə, bu sistemlərin daha yaxşı qarşılıqlı biliklənməsinə şərait yaradır, bu səbəbdən Beynəlxalq əməkdaşlığın maraqlı tərəfləri arasında inam və etibarın artmasına töhfə verir.
40. CCPE tövsiyə edir ki, prokurorluq orqanları müvafiq hallarda sorğuların hazırlanması və yerinə yetirilməsi mərhələsində qarşılıqlı əməkdaşlığa şərait yaratsın.
Üçüncü ölkələr və beynəlxalq cinayət məhkəmələri ilə əməkdaşlığa şəraitin yaradılması
41. Cinayət işləri üzrə beynəlxalq əməkdaşlıqla bağlı, beynəlxalq cinayət məhkəmələri ilə əməkdaşlıqda yaranan problemlərə Avropa Şurası fəaliyyəti çərçivəsində diqqət artırılmalıdır. Həmçinin, belə yanaşma üzv dövlətlərin beynəlxalq cinayət məhkəmələri ilə tam əməkdaşlığının təmini üçün, maraqlı olan üzv dövlətlər tərəfindən belə məhkəmələrin səlahiyyətinin hüquqi tanınmasının predmeti olan gərəkli səyləri nəzərə almalıdır.
42. Avropa Şurasının müvafiq konvensiyalarının bəzi qeyri-Avropa ölkələrinə tətbiq oluna bilməsini artan şəkildə nəzərə almalıdır.
43. Üzv dövlətlərin üçüncü ölkələrlə əməkdaşlığı məqsədi ilə hüquqi əsasın genişləndirilməsi üçün CCPE tövsiyə edir ki, Nazirlər Komitəsi Avropadan kənardan bəzi dövlətlərin dəvət olunması, Ekstradisiya haqqında Avropa Konvensiyası, Cinayət İşləri üzrə Qarşılıqlı Hüquqi Yardım haqqında Avropa Konvensiyası və onun protokollarına qoşulması məsələsini nəzərə alsın.
Beynəlxalq əməkdaşlığa ayrılmış resurslar ilə bağlı fəaliyyət
44. CCPE tövsiyə edir ki, üzv dövlətlərin hökumətləri cinayət işlərində beynəlxalq əməkdaşlığın həm kəmiyyətinin, həm də keyfiyyətinin, məhz məhkəmələr və prokurorluq idarələri səviyyəsində çoxaldıla bilməsi üçün müvafiq maliyyə, maddi və insan resursları ayırsın. Belə səylər ən çox cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım üçün hakimlər və prokurorlar üzrə ixtisaslaşdığı hesab edilən məhkəmələr çərçivəsində təyinatı nəzərə almağı hədəfləməlidir. Bu səylər həmçinin hüquqşünaslara həm tələblərin hazırlanması, həm də o tələblərə cavab verilməsi üsulları baxımından, onlara düzgün şəkildə müraciət etmək üçün zəruri vaxt həsr etməyə icazə verir. Məhkəmələrə və prokurorluq xidmətlərinə müvafiq yazılı və şifahi tərcümə vasitələri verməklə, beynəlxalq əməkədaşlığın dilçilik keyfiyyətini təkmilləşdirmək məqsədi ilə, nəhayət ki, ehtiyatlar ayrılmalıdır.
CCPE-nin DİGƏR QURUMLARLA ƏMƏKDAŞLIQ İMKANLARI
45. Müvafiq hallarda CCPE istənilən belə təşəbbüslə əməkdaşlıq etməyə hazırdır. O, ilk növbədə Avropa Şurası çərçivəsində digər müvafiq komitələrlə, eləcə də digər müvafiq Avropa və beynəlxalq müəssisələr və təşkilatlarla birlikdə işləmək üçün özünün tam imkanlarından təkrar istifadə etməlidir. Belə məsələlərlə məşğul olmaq üçün getdikcə daha yaxşı və peşəkar hazırlanan ictimai ittiham xidmətləri daha sonra, Rec(2000)19 saylı Tövsiyədə qeyd olunduğu kimi, “Beynəlxalq əməkdaşlığın maraqlarının mühafizəçisi” olmalıdır.
TÖVSİYƏLƏRİN YEKUNLAŞDIRILMASI
Cinayət sahəsində əsl Avropa hüquqi əməkdaşlıq mədəniyyətinin inkişaf etdirilməsi üçün institusional, normativ və şəxslərarası şərtləri təkmilləşdirmək məqsədi ilə, CCPE Nazirlər Komitəsinə və Avropa Şurasına üzv dövlətlərə aşağıdakıları tövsiyə edir:
· aşağıdakı məsələlər ilə bağlı Beynəlxalq əməkdaşlığın normativ çərçivəsində fəaliyyət göstərmək:
- cinayət ədliyyəsi sahəsində mövcud Avropa konvensiyalarının, xüsusən də Ekstradisiya haqqında Avropa Konvensiyasının yenilənməsi işinə üstünlük verilməsini davam etdirmək;
- müvafiq konvensiyaların ratifikasiyası və səmərəli tətbiqi, qarşılıqlı yardıma üstünlük vermək üçün daxili prosedurları asanlaşdırmaq işini sürətləndirmək;
· beynəlxalq əməkdaşlığın keyfiyyəti ilə bağlı aşağıdakı qaydada fəaliyyət göstərmək:
- prokurorların, eləcə də beynəlxalq hüquqi əməkdaşlıqda digər maraqlı tərəflərin müvafiq təliminin inkişaf etdirilməsi;
- beynəlxalq əməkdaşlıqla bağlı bəzi prokurorların və hakimlərin ixtisalaşmasına zəmanət vermək məqsədi ilə hər bir üzv dövlətdə müvafiq strukturun yaradılması;
- cinayət işləri üzrə beynəlxalq tapşırıqların icrası zamanı tətbiq olunan insan haqları və standartları üzrə ixtisaslaşdırılmış sənədlər və ya rəylərin verilməsi - onlar mütəmadi olaraq yenilənməlidir;
- Avropa Şurası çərçivəsində məlumat bazasının yaradılması da daxil olmaqla, hüquqşünaslara ədliyyə sistemləri və prosedurları haqqında qarşılıqlı məlumat vasitələrinin verilməsi;
- görüşmək və mübadilə məqsədi ilə müxtəlif üzv dövlətlərin hüquqşünasları, yəni prokurorları üçün ixisaslaşmış müzakirələr və seminarlar vasitəsi ilə imkanların çoxaldılması;
- yeni informasiya texnologiyaları vasitəsi ilə hüquqi yardım haqqında sorğuların göndərilməsi və onların ünvanlanma üsulunun təkmilləşdirilməsi, sorğuların tərtib edilməsi və xarici dil məsələləri ilə bağlı keyfiyyətin təkmilləşdirilməsi;
- məlumatın maneəsiz və birbaşa ötürülməsinə imkanın yaradılması;
· hüquq praktikləri arasında mübadilələri aşağıdakı qaydada genişləndirmək:
- Avropa Şurası səviyyəsində cinayət işləri üzrə Avropa məhkəmə şəbəkəsi və Eurojust ilə düzgün şəkildə formalaşdırılmış və strukturlaşdırılmış əməkdaşlıq və məlumat mübadiləsinin yaradılması;
- hər bir ölkədə mövcud olan milli hüquq sisteminə əsasən, üzv dövlətlər eyni zamanda “ixisaslaşdırılmış struktur”un müəyyən edilməsi üzrə. Bu struktura müvafiq səviyyədə hüquqi yardım haqqında sorğular ilə bağlı sorğu edən və sorğu edilən dövlətlərin hüquqşünaslarının qarşılaşdığı çətinliklərin həll edilməsinə yardım həvalə oluna bilər.
- müvafiq əlaqəli şəxslərin adlarını, eləcə də onların ixtisaslaşdığı sahələri, məsul olduqları sahələri və s. əks etdirən əlaqələr və ünvanlar siyahısı tərtib olunması və həmin siyahının Avropa Şurası tərəfindən idarə olunan istifadəsi məhdud veb səhifədə nəşr etdirilməsi;
- liyeson (əlaqələndirici) hakimlərin /prokurorların mübadiləsinin inkişaf etdirilməsi;
- hüquqi yardım haqqında sorğuların tərtib edilməsi və icrası mərhələsində əməkdaşlıq;
· Avropa Şurası çərçivəsində üçüncü ölkələr, beynəlxalq cinayət məhkəmələri, o cümlədən müvafiq Avropa və beynəlxalq müəssisə və təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi;
· məhkəmələr və prokurorluq idarələri çərçivəsində cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq üçün büdcə və insan resursları ayırmaq.
Əlavə
Cinayət işləri üzrə hüquqi əməkdaşlıq haqqında Avropa Şurasının Konvensiyaları
024 |
Ekstradisiya haqqında Avropa Konvensiyası |
030 |
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyası |
051 |
Şərti məhkum olunmuş və ya şərti azadlığa buraxılmış cinayətkarlara nəzarət haqqında Avropa Konvensiyası |
052 |
Yol hərəkəti qaydalarının pozulmasına görə cəzalandırma haqqında Avropa Konvensiyası |
070 |
Cinayət işləri üzrə məhkəmə qətnamələrinin beynəlxalq həqiqiliyi haqqında Avropa Konvensiyası |
071 |
Azyaşlıların repatriasiyası haqqında Avropa Konvensiyası |
073 |
Cinayət işləri üzrə məhkəmə icraatının göndərilməsi haqqında Avropa Konvensiyası |
082 |
İnsanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri üçün müddətin keçməsinin tətbiq edilməməsi haqqında Avropa Konvensiyası |
086 |
Ekstradisiya haqqında Avropa Konvensiyasının Əlavə Protokolu |
088 |
Motor nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin beynəlxalq nəticələri haqqında Avropa Konvensiyası |
090 |
Terrorçuluğun qarşısının alınması haqqında Avropa Konvensiyası |
097 |
Xarici qanunvericikliklə bağlı məlumat haqqında Avropa Konvensiyasının Əlavə Protokolu |
098 |
Ekstradisiya haqqında Avropa Konvensiyasının İkinci Əlavə Protokolu |
099 |
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasının Əlavə Protokolu |
101 |
Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlanılması üzərində nəzarət haqqında Avropa Konvensiyası |
112 |
Məhkum olunmuş şəxslərin verilməsinə haqqında Konvensiya |
116 |
Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın kompensasiyası haqqında Avropa Konvensiyası |
119 |
Mədəni mülklə bağlı hüquqpozmalar haqqında Avropa Konvensiyası |
141 |
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması, axtarışı, üzərinə həbs qoyulması və müsadirəsi haqqında Konvensiya |
156 |
Dəniz vasitəsi ilə qanunsuz dövriyyə haqqında razılaşma; BMT-nin Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında Konvensiyasının 17-ci Maddəsinin yerinə yetirilməsi |
167 |
Məhkum olunmuş şəxslərin verilməsi haqqında Avropa Konvensiyasının Əlavə Protokolu |
172 |
Cinayət hüququ vasitəsi ilə ətraf mühitin mühafizəsi haqqında Konvensiya |
173 |
Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyası |
182 |
Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasının İkinci Əlavə Protokolu |
185 |
Kibercinayətkarlıq haqqında Konvensiya |
189 |
Kibercinayətkarlıq haqqında Konvensiyaya kompüter sistemləri vasitəsilə törədilən irqçi və ksonofobiya xarakterli əməllərin kriminallaşdırılmasına dair Əlavə Protokol |
190 |
Terrorçuluğun qarşısının alınması haqqında Avropa Konvensiyasına düzəliş edən Protokol |
191 |
Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiyasının Əlavə Protokolu |
196 |
Terrorçuluğun qarşısının alınması haqqında Avropa Şurasının Konvensiyası |
197 |
İnsan alverinə qarşı mübarizə haqqında Avropa Konvensiyası |
198 |
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulması, axtarışı, üzərinə həbs qoyulması və müsadirəsi və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Konvensiya |