Azerbaijani translation (unofficial):
Ölüm Cəzasına Qarşı Avropa və Ümumdünya Günü, 10 oktyabr 2025:
Avropa İttifaqının Ali Nümayəndəsi və Avropa Şurasının Baş Katibinin birgə bəyanatı
Avropa İttifaqı (Aİ) və Avropa Şurası bütün hallarda və istisnasız olaraq ölüm cəzasına qarşı qəti və dəyişməz mövqelərini bir daha təsdiq edirlər.
Hazırda dünyanın üçdə ikisindən çox ölkəsi ölüm cəzasını ya qanunvericilikdə, ya da praktikada ləğv etmişdir. 2024-cü ildə biz Zimbabvedə ölüm cəzasının ləğv edilməsini, eləcə də Zambiya və Kot-d’İvuard tərəfindən “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”ın İkinci Fakültativ Protokolunun ratifikasiya edilməsini məmnuniyyətlə qarşıladıq. Həmin il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ölüm cəzasının tətbiqinə moratoriumun elan edilməsinə dair qətnamə rekord sayda – 130 dövlətin lehinə səs verməsi ilə qəbul edilmişdir.
Bununla belə, ölüm cəzasının ləğvinə dair qlobal meylin artmasına baxmayaraq, bəzi ölkələrdə bu cəza növü hələ də tətbiq edilməkdədir. 2024-cü ildə ən çox edam icra edilən beş ölkə Çin, İran, Səudiyyə Ərəbistanı, İraq və Yəmən olmuşdur. Belarus Avropada ölüm cəzasını hələ də qüvvədə saxlayan yeganə dövlətdir. Edamların həyata keçirilməsi ABŞ-da da davam edir.
Biz ölüm cəzasını hələ də tətbiq edən azsaylı dövlətləri onun tam ləğvinə doğru ilk addım kimi hüquqi moratorium tətbiq etməyə çağırırıq.
Ölüm cəzasının tərəfdarları çox vaxt bu tədbiri cinayətdən çəkindirmə ilə əsaslandırmağa çalışırlar. Lakin çoxsaylı tədqiqatlar davamlı şəkildə göstərir ki, ölüm cəzasını tətbiq edən ölkələrdə cinayət səviyyəsi, bu cəzanın mövcud olmadığı dövlətlərdəki göstəricilərdən aşağı deyil. Üstəlik ölüm cəzası, ədliyyə səhvlərini geridönməz edir, islah və sosial rehabilitasiya imkanlarını isə tamamilə aradan qaldırır.
Avropa Şurası və Avropa İttifaqı, Avropa da daxil olmaqla ölüm cəzasının bərpa edilməsi çağırışlarına qarşı mübarizəsini davam etdirəcək və bu cəza növünün bütün dünyada tam ləğvinə yönəlmiş açıq və demokratik müzakirələrin aparılmasını təşviq edəcəkdir. Bununla bağlı, biz 2025-ci ilin noyabrında Yaponiyada keçiriləcək Regional Ölüm Cəzasına Qarşı Konqresin, habelə 2026-cı ildə Fransada keçiriləcək Dünya Ölüm Cəzasına Qarşı Konqresin təşkilini alqışlayırıq. Bu tədbirlər vətəndaş cəmiyyətinin ölüm cəzasından azad bir dünya uğrunda səylərdə mühüm liderlik rolunu bir daha nümayiş etdirir.
Ölüm cəzası, o cümlədən onun icrasına aparan proses qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza formasıdır və insan ləyaqətini inkar edir. Avropa İttifaqı və Avropa Şurası ölüm cəzasının tam ləğvinə çağırır.