Non official translation / Qeyri-rəsmi tərcümə[1]

Nazirlər Komitəsinin üzv dövlətlərə "Ombudsman təsisatının inkişafına dair" CM/Rec(2019)6 saylı Tövsiyəsi

(Nazirlər Komitəsi tərəfindən 16 oktyabr 2019-cu ildə nazirlərin nümayəndələrinin 1357-ci iclasında qəbul edilmişdir)

Avropa Şurasının Nazirlər Komitəsi, Avropa Şurası Nizamnaməsinin 15-ci maddəsinin “b” bəndinin müddəalarına uyğun olaraq,

Avropa Şurasının öz üzvləri arasında onların ümumi irsi olan ideal və prinsipləri qorumaqdan və həyata keçirməkdən ötrü daha sıx birliyə nail olmaq məqsədini qarşısına qoyduğunu, o cümlədən insan hüquqları və əsas azadlıqlar sahəsində fəaliyyətləri həyata keçirmək yolu ilə buna nail olmağı hədəflədiyini nəzərə alaraq;

Milli, regional və yerli səviyyədə Ombudsman təsisatının, o cümlədən konkret, tematik məsələlərlə məşğul olan bu cür təsisatların yaradılması ilə bağlı Avropa Şurasına üzv dövlətlərin böyük əksəriyyətində Ombudsman təsisatına dair Rec(85)13 saylı Tövsiyənin qəbulundan sonra baş vermiş diqqətəlayiq inkişafı alqışlayaraq;

Ombudsman təsisatının funksiyalarının onun yanlış idarəetmə və qanunun aliliyi ilə bağlı ilkin mandatının hüdudlarını aşaraq daim inkişaf etdiyini alqışlayaraq;

Ombudsman təsisatlarının hazırda demokratik idarəetmənin mühüm hissəsini təşkil etdiyini və Avropa Şurasına üzv dövlətlərin böyük əksəriyyətində insan hüquqlarının və qanunun aliliyinin qorunması və təşviqində mühüm rol oynadığını məmnunluqla qeyd edərək;

Ombudsman təsisatlarının Avropada insan hüquqlarının təşviqi və müdafiəsi üçün, o cümlədən İnsan hüquqları haqqında Avropa Konvensiyasının (ETS № 5) səmərəli şəkildə həyata keçirilməsi üçün böyük potensialını vurğulayaraq;

Avropa Şurasının və digər maraqlı beynəlxalq tərəflərin Ombudsman təsisatlarına davamlı dəstəyinin vacibliyini etiraf edərək və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı ilə Ombudsman təsisatları, eləcə də onların şəbəkələri arasında, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı haqqında (99)50 saylı  Qətnaməyə uyğun olaraq Komissarın mandatında nəzərdə tutulduğu kimi, bərqərar olmuş əməkdaşlığı alqışlayaraq;

Ombudsman təsisatları və onların müxtəlif şəbəkələri arasında əməkdaşlığın və onların Avropa Şurası və digər maraqlı beynəlxalq tərəflərlə əməkdaşlığının vacibliyini bir daha etiraf edərək;

Ombudsman təsisatlarının inkişafı və müdafiəsini dəstəkləyən müvafiq beynəlxalq sənədləri nəzərə alaraq;

Xidmət etdikləri ölkələrin və regionların müxtəlifliyini əks etdirən Ombudsman təsisatlarının müxtəlifliyini qəbul edərək;

Bununla belə, hər hansı bir qurumun aşağıdakılar da daxil olmaqla bir sıra əsas prinsiplərlə idarə olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq:

- müstəqillik;

- qərəzsizlik, obyektivlik və ədalətlilik;

- dürüstlük və yüksək mənəvi nüfuz;

- hərtərəfli mandat;

- əlçatanlıq; və

- effektivlik;

Üzv dövlətlərdə Ombudsman təsisatları və onların əməkdaşlarının çətin iş şəraiti, zaman-zaman məruz qaldıqları təhdidlər, təzyiqlər və hücumlarla bağlı ciddi narahatlığını ifadə edərək;

Ombudsman təsisatına dair Rec(85)13 saylı Tövsiyəsində nəzərdə tutulanları inkişaf etdirərək onu bu sənədlə əvəz etmək istəyində olaraq,

Üzv dövlətlərin hökumətlərinə tövsiyə edir ki:

1. bu Tövsiyəyə Əlavədə müəyyən edilmiş prinsiplərin müvafiq daxili qanunvericilikdə və təcrübədə həyata keçirilməsini təmin etsinlər;

2. Ombudsman təsisatlarını gücləndirsinlər və onları zəiflədə biləcək hər hansı tədbirlərə yol verməsinlər və görülən tədbirlərin səmərəliliyini mütəmadi olaraq qiymətləndirsinlər;

3. müvafiq vasitələrin və tədbirlərin köməyi ilə (o cümlədən, lazım gəldikdə, tərcümə də daxil olmaqla) bu Tövsiyənin səlahiyyətli orqanlar və maraqlı tərəflər arasında geniş yayılmasını təmin etsinlər;

4. bu Tövsiyənin icrasının Nazirlər Komitəsi çərçivəsində nəzərdən keçirilməsini onun qəbulundan sonra beş ildən gec olmayaraq təmin etsinlər.

CM/Rec(2019)6 saylı Tövsiyəyə Əlavə

Ombudsman təsisatının inkişafı üçün prinsiplər

I. Ombudsman təsisatlarının yaradılması və əsas xüsusiyyətləri

1. Ombudsman təsisatları bütün üzv dövlətlərdə mövcud olmalıdır. Bu təsisatlardan birinin, yoxsa bir neçəsinin mövcud olması məsələsi hər bir dövlət tərəfindən onun təşkili, xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla müəyyən edilməlidir. Bu təsisatlar hər hansı şəkildə göstərilən bütün dövlət xidmətlərinə münasibətdə hər kəs üçün birbaşa və asanlıqla əlçatan olmalıdır. Ombudsman təsisatlarının mövcudluğundan xəbəri olmayan, Ombudsman təsisatlarına çıxış əldə etməkdə çətinlik çəkə bilən və ya həssas vəziyyətdə olan şəxslərə, məsələn, miqrantlara, azadlıqdan məhrum edilmiş şəxslərə, əlillərə və ya ahıllara və uşaqlara xüsusi diqqət göstərilməlidir.

2. Üzv dövlətlər Ombudsman təsisatının əsas vəzifələrini müəyyən edən, onun müstəqilliyinə təminat verən və Ombudsman təsisatları üzrə mövcud standartlar və tövsiyələr, xüsusilə Avropa Şurasının Hüquq Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) tərəfindən 15 mart 2019-cu ildə qəbul edilmiş və 2 may 2019-cu ildə Nazirlər Komitəsi tərəfindən təsdiq olunmuş "Ombudsman təsisatının müdafiəsi və təşviqi prinsipləri" nəzərə alınmaqla Ombudsman təsisatlarını istər milli, istərsə də beynəlxalq səviyyədə öz funksiyalarını effektiv şəkildə yerinə yetirməsi üçün zəruri vasitələrlə təmin edən qanun vasitəsilə etibarlı hüquqi baza yaratmalıdırlar, yaxşı olar ki, bu konstitusiya səviyyəsində olsun.

3. Ombudsman təsisatının rəhbərinin seçilməsi və təyin edilməsi prosesi onun müstəqilliyinə şərait yaratmalıdır. Namizədlər yüksək mənəvi nüfuza malik olmalı və qanunun aliliyi, demokratik idarəetmə və insan hüquqları sahəsində tanınmış səriştəyə malik olmalıdırlar. Hər hansı Ombudsman təsisatının rəhbəri vəzifəsinin əhəmiyyətli bir müddət ərzində boş qalmaması üçün tədbirlər görülməlidir.

4. Üzv dövlətlər Ombudsman təsisatlarının əlverişli mühitdə fəaliyyət göstərməsini təmin etməlidir, elə bir mühit ki, yurisdiksiyaya malik olduqları sahədə hər hansı dövlət orqanından asılı olmayaraq səmərəli şəkildə və qərəzsizlik, dürüstlük, şəffaflıq və ədalətlilik şəraitində öz səlahiyyətlərini həyata keçirməyə imkan verir.

5. Üzv dövlətlər Ombudsman təsisatının bütün inzibati orqanlardan və digər aidiyyəti qurumlardan fəaliyyəti zamanı onunla əməkdaşlıq etmələrini, daxil olan şikayətlərin və ya səlahiyyətlərinə aid edilən digər məsələlərin etibarlı şəkildə araşdırılmasını həyata keçirə bilməsi üçün bütün müvafiq binalara, o cümlədən həbs yerlərinə və bütün müvafiq şəxslərin yanına maneəsiz giriş imkanı yaratmalarını tələb edə bilməsini təmin etmək üçün təsirli tədbirlər görməlidirlər. Ombudsman təsisatı həmçinin digər hüquqların və qanuni maraqların müdafiəsindən irəli gələn mümkün məhdudiyyətlər nəzərə alınmaqla və malik olduğu məlumatların məxfiliyinə zəmanət vermək şərti ilə bu cür araşdırma üçün lazım olan bütün məlumatlara çıxış əldə etmək imkanına malik olmalıdır.

6. Üzv dövlətlər Ombudsman təsisatlarını öz mandatlarını tam müstəqil şəkildə həyata keçirə bilmələri üçün adekvat, yetərli və davamlı resurslarla təmin etməlidirlər. Ombudsman təsisatları öz işçilərini təyin etmək və onların adekvat təlim keçməsini təmin etmək imkanına malik olmalıdır.

7. Üzv dövlətlər Ombudsman təsisatlarını təhdid və təqiblərdən qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər. Ombudsman təsisatlarına və onların əməkdaşlarına, yaxud onlarla əməkdaşlıq edən və ya əməkdaşlıq etmək istəyən şəxslərə qarşı iddia edilən hər hansı təzyiq və ya hədə-qorxu halları dərhal və hərtərəfli araşdırılmalı və təqsirkarlar məsuliyyətə cəlb edilməlidir.

II. Ombudsman təsisatlarının əsas vəzifələri

8. Üzv dövlətlər Ombudsman təsisatlarına həvalə olunmuş vəzifələrin xüsusən aşağıdakı səlahiyyətləri əhatə etməsini təmin etməlidirlər:

a. hər hansı bir şəxsi və ya bir qrup şəxsi xüsusən dövlət və ya özəl qurumlar tərəfindən yanlış idarəetmə, hüquqların pozulması, ədalətsizlik, sui-istifadə, korrupsiya və ya hər hansı haqsızlıqdan qorumaq üçün daxil olan şikayətlər üzrə və ya öz təşəbbüsü ilə tədbirlər görmək, xüsusən bu məqsədlə hüquq sahiblərinə fiziki şəxslərlə dövlət orqanları arasında mübahisələrin həlli üçün onların maraqlarına uyğun qeyri-məhkəmə müdafiə vasitələri, o cümlədən müvafiq hallarda mediasiya imkanı təqdim etmək;

b. insan hüquqlarını və əsas azadlıqları, qanunun aliliyini və demokratik idarəçiliyi qorumaq və təşviq etmək, o cümlədən bu məqsədlə müvafiq hallarda qanunvericiliyə dəyişiklik edilməsi barədə təkliflər vermək məhkəmə çəkişmələri və ya digər vasitələrdən istifadə etmək;

c. 8.a bəndində qeyd olunan hər hansı davranışın qarşısını almaq və ya aradan qaldırmaq üçün tövsiyələr vermək və lazım gəldikdə, dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılmasına yönəlmiş inzibati və ya qanunvericilik islahatları təklif etmək; sonuncular bu cür tövsiyələri qəbul etmədikdə və ya həyata keçirmədikdə, üzv dövlətlər Ombudsman təsisatlarının, digərləri ilə yanaşı, seçilmiş səlahiyyətli orqana, adətən parlamentə belə davranış barədə məlumat təqdim etmək hüququna malik olmasını təmin etməlidirlər;

d. öz mandatı çərçivəsində yerli, regional, milli və beynəlxalq maraqlı tərəflərlə və əlaqəli və ya oxşar sahələrdə fəaliyyət göstərən şəbəkələrlə əməkdaşlıq etmək.

9. Üzv dövlətlər Ombudsman təsisatlarının tövsiyələrinin ünvanlandığı qurumların üzərinə müvafiq vaxt ərzində onlara əsaslandırılmış cavab təqdim etmək kimi hüquqi öhdəlik qoymalıdırlar.

10. Üzv dövlətlər Ombudsman təsisatlarına insan hüquqları sahəsində müvafiq beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş funksiyaları, məsələn, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakultativ Protokoluna uyğun olaraq Milli preventiv mexanizm funksiyalarını və/yaxud Birləşmiş Millətlər Təşkilatının Əlillərin hüquqları haqqında Konvensiyasına uyğun olaraq müstəqil mexanizm funksiyalarını yerinə yetirməyə imkan verən səlahiyyətlərin verilməsi və ya lazım gəldikdə bu cür səlahiyyətlərin gücləndirilməsi məsələsini nəzərdən keçirməlidirlər. Ombudsman təsisatının bu mandatlara sahib malik olduğu halda, öz funksiyalarını səmərəli şəkildə yerinə yetirməsinə imkan verən potensialının artırılması üçün kifayət qədər resurslara çıxışı olmalıdır; bu həm də müvafiq ixtisaslı, bacarıqlı və təlim keçmiş kadrları əhatə etməlidir.

III. Əməkdaşlıq və dialoq

11. Üzv dövlətlər istər milli, istər regional, istərsə də yerli səviyyədə Ombudsman təsisatlarının xüsusən aşağıdakılarla əlaqədə olmasına və əməkdaşlıq etməsinə imkan verən səmərəli tədbirlər görməlidirlər:

a. lazım gəldikdə, elektron şəbəkələr və məlumat və təcrübə mübadiləsi vasitəsilə, eləcə də mütəmadi görüşlər vasitəsilə tərəfdaş qurumlarla;

b. Ombudsman təsisatlarına asan çıxış imkanına malik olmalı olan maraqlı vətəndaş cəmiyyəti təmsilçiləri, xüsusən də qeyri-hökumət təşkilatları ilə;

c. digər insan hüquqları strukturları, xüsusilə də milli insan hüquqları təsisatları və onların şəbəkələri ilə və lazım gəldikdə birgə təşkil olunmuş fəaliyyətlər vasitəsilə;

d. əlaqəli və ya oxşar sahələrdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla, xüsusən Avropa Şurası qurumları ilə.

12. Regional, yerli və/və ya ixtisaslaşdırılmış qurumlar kimi bir neçə Ombudsman təsisatını yaratmış üzv dövlətlər bu cür əməkdaşlığı qanunvericilikdə təsbit etmək və həvəsləndirmək yolu ilə onların qarşılıqlı fəaliyyətini təşviq etmək və funksiyaların təkrarlanmasına yol verməmək üçün bu təsisatlar arasında müvafiq, səmərəli koordinasiya və əməkdaşlığı təmin etməlidirlər.

13. Üzv dövlətlər İnsan hüquqları haqqında Avropa Konvensiyasının və digər müvafiq sənədlərin səmərəli şəkildə həyata keçirilməsinə öz töhfələrini artırmaq üçün Ombudsman təsisatları arasında daimi bilik mübadiləsini təmin etmək məqsədilə Avropa Şurası ilə əməkdaşlıq proqramlarının hazırlanmasını təşviq etməli və onlara sponsorluq etməlidirlər.

 



[1] Azərbaycan dilinə qeyri-rəsmi tərcümə ingilis dilindəki orijinal mətnin əsasında icra olunmuşdur. Mətn Avropa Şurasının icazəsi ilə tərtib və istifadə edilmişdir. Bu sənəd Avropa Şurası ilə razılaşma əsasında, lakin yalnız tərcüməçinin(lərin)/naşirlərin məsuliyyət daşıması ilə dərc olunur. Mətnin tərcüməsi Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir.

*Nazirlər Komitəsinin Konvensiyanın keçmiş 32-ci maddəsi üzrə məhkəmə tipli funksiyalarının yaxın gələcəkdə dayandırılacağı nəzərə alınaraq, burada Nazirlər Komitəsinin qərarlarından bəhs edilmir. Bununla belə, başa düşülür ki, əgər tövsiyə qəbul edildiyi zaman bəzi işlər hələ də baxılmaqdadırsa, bu tövsiyənin prinsipləri belə işlərə də şamil olunacaq