Non official translation / Qeyri-rəsmi tərcümə[1]

Nazirlər Komitəsinin üzv dövlətlərə "Avropada vətəndaş cəmiyyəti məkanının qorunması və təşviqinin gücləndirilməsinin zəruriliyinə dair" CM/Rec(2018)11 saylı Tövsiyəsi

(Nazirlər Komitəsi tərəfindən 28 noyabr 2018-ci ildə nazirlərin nümayəndələrinin 1330-cu iclasında qəbul edilmişdir)

Avropa Şurasının Nazirlər Komitəsi, Avropa Şurası Nizamnaməsinin 15-ci maddəsinin “b” bəndinin müddəalarına uyğun olaraq,

Avropa Şurasının öz üzvləri arasında onların ümumi irsi olan ideal və prinsipləri qorumaqdan və həyata keçirməkdən ötrü daha sıx birliyə nail olmaq məqsədini qarşısına qoyduğunu, o cümlədən insan hüquqları və əsas azadlıqlar sahəsində fəaliyyətləri həyata keçirmək yolu ilə buna nail olmağı hədəflədiyini nəzərə alaraq;

Üzv dövlətlərin öz yurisdiksiyaları daxilində hər kəs üçün İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada (İnsan hüquqları haqqında Avropa Konvensiyası; ETS № 5) və onun Protokollarında təsbit olunmuş hüquq və azadlıqları təmin etmək öhdəliyini və müvafiq hallarda onların Avropa Sosial Xartiyasından (ETS № 35; və onun yenidən baxılmış versiyası ETS № 163), habelə insan hüquqlarına dair digər Avropa və ya beynəlxalq  sənədlərdən irəli gələn öhdəliklərini xatırladaraq;

Bütün insan hüquqlarının və əsas azadlıqların universal, bölünməz, bir-birindən asılı və bir-biri ilə əlaqəli olduğunu və ayrı-seçkilik olmadan hər kəs tərəfindən istifadə edilə bilməli olduğunu bir daha təsdiq edərək;

Birləşmiş Millətlər Təşkilatının "Cəmiyyətdəki fərdlərin, qrupların və orqanların hamılıqla tanınan insan hüquqlarını və əsas azadlıqları təşviq və müdafiə etmək hüququ və vəzifəsi haqqında" 9 dekabr 1998-ci il tarixli Bəyannaməsini ("İnsan hüquqlarının müdafiəçiləri haqqında" BMT-nin Bəyannaməsi), "İnsan hüquqlarının təşviqi və müdafiəsi üzrə milli təsisatlar haqqında" BMT Baş Assambleyasının 20 dekabr 1993-cü il tarixli 48/134 saylı Qətnaməsini və milli insan hüquqları təsisatları və insan hüquqlarının müdafiəçiləri haqqında BMT Baş Assambleyasının sonrakı qətnamələrini xatırladaraq,;

Ombudsman təsisatına dair R(85)13 saylı Tövsiyəni, İnsan hüquqlarının təşviqi və müdafiəsi üzrə müstəqil milli təsisatların yaradılmasına dair R(97)14 saylı Tövsiyəni, Üzv dövlətlərin milli insan hüquqları təsisatları arasında və onlarla Avropa Şurası arasında əməkdaşlığa dair R(97)11 saylı Tövsiyəni və Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusuna dair CM/Rec(2007)14 saylı Tövsiyəni xatırladaraq;

Avropa Şurasının Nazirlər Komitəsinin 6 fevral 2008-ci ildə qəbul edilmiş "İnsan hüquqlarının müdafiəçilərinin müdafiəsinin yaxşılaşdırılması və fəaliyyətlərinin təşviqi tədbirləri haqqında" Bəyannaməsini və onun 27 sentyabr 2017-ci ildə qəbul edilmiş "Siyasi qərarların qəbulunda vətəndaş iştirakçılığına dair rəhbər prinsiplər"ini  xatırladaraq, habelə “insan hüquqları müdafiəçilərinin təşviqi və müdafiəsi üzrə əsas məsuliyyət və vəzifə dövlətin üzərinə düşsə də, Avropa Şurasının da insan hüquqlarının müdafiəçiləri üçün əlverişli mühitin yaradılmasına töhfə verməli və onları və onların insan hüquqlarının müdafiəsi üzrə fəaliyyətini müdafiə etməli olduğunu” qeyd olunan Bəyannamədə Nazirlər Komitəsinin etiraf etdiyini və həmçinin “Avropa Şurasının bu sahədə gələcək fəaliyyəti məsələsini diqqətdə saxlamaq” barədə razılığa gəldiyini xüsusi qeyd edərək;

Dövlət və hökumət başçılarının 2005-ci ildə Varşavada keçirilmiş 3-cü Zirvə Görüşündə qəbul edilmiş fəaliyyət planında Avropa Şurasının “müxtəlif mexanizmləri və təsisatları vasitəsilə fərdlərin hüquqlarının müdafiəsində dinamik rol oynayacağı və insan hüquqlarını fəal müdafiəsi işində qeyri-hökumət təşkilatlarının əvəzsiz iştirakına dəstək verəcəyi” ilə bağlı öhdəlik götürdüklərini bir daha təsdiq edərək;

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının insan hüquqları müdafiəçilərinə dəstək məqsədilə həyata keçirdiyi tədbirləri alqışlayaraq, insan hüquqları müdafiəçilərinin müdafiəsinin, habelə onların fəaliyyəti üçün əlverişli mühitin yaradılmasının, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı haqqında (99)50 saylı Qətnamədə müəyyən edildiyi kimi onun səlahiyyətləri daxilində olduğunu nəzərə alaraq və dövlətlərin Komissarın səfərlərinə şərait yaratmaq, tələb olunduqda insan hüquqları müdafiəçilərinin vəziyyəti barədə onun sorğularına adekvat cavablar vermək və onunla dialoqa girmək yolu ilə onunla əməkdaşlıq etmək öhdəliyini xatırladaraq;

Avropa Şurası Baş Katibi tərəfindən “Avropada insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin vəziyyəti – Avropa üçün təhlükəsizlik imperativi” (2016) başlıqlı üçüncü illik hesabatında irəli sürülən, Avropa Şurası ilə qarşılıqlı əlaqələri ilə əlaqədar insan hüquqları müdafiəçilərinə qarşı repressiyaları diqqətə alaraq insan hüquqları müdafiəçilərinin müdafiəsinin gücləndirilməsi üçün onun rəhbərliyi altında mexanizm yaratmaq təklifini nəzərə alaraq;

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və Hüquq Vasitəsilə Demokratiyaya Uğrunda Avropa Komissiyası (Venesiya Komissiyası) tərəfindən birgə dərc edilmiş "Birləşmək azadlığına dair rəhbər prinsiplər"i, DTİHB/ATƏT-in "İnsan hüquqları müdafiəçilərinin müdafiəsinə dair rəhbər prinsiplər"ini və “Dövlətlərin məsuliyyəti: ATƏT regionunda insan hüquqları müdafiəçilərinin müdafiəsi (2014-2016)” barədə onun 2017-ci il tarixli hesabatını nəzərə alaraq;

İnsan hüquqlarının müdafiəçilərini dəstəkləmək və müdafiə etmək üçün praktiki tədbirlər barədə Aİ-yə üzv dövlətlər və onları həyata keçirmək istəyən digər dövlətlər tərəfindən verilən təklifləri özündə əks etdirən Avropa İttifaqının (Aİ) "İnsan hüquqlarının müdafiəçilərinə dair rəhbər prinsipləri"ni qeyd edərək;

Peşəsindən və ya digər statusundan asılı olmayaraq, fərdi qaydada və ya başqaları ilə birlikdə insan hüquqlarının müdafiəsi və ya təşviqi üçün fəaliyyət göstərən istənilən şəxsin insan hüquqları müdafiəçisi olduğunu və həmçinin insan hüquqlarının müdafiəsi və təşviqi üçün çalışan milli insan hüquqları təsisatları (MİHT-lər) və vətəndaş cəmiyyəti təşkilatlarının insan hüquqlarının müdafiəçiləri olduqlarını qəbul edərək;

"İnsan hüquqlarının müdafiəçiləri haqqında" BMT-nin Bəyannaməsində qeyd olunduğu və "Cəmiyyətdəki fərdlərin, qrupların və orqanların hamılıqla tanınan insan hüquqlarını və əsas azadlıqları təşviq və müdafiə etmək hüququ və vəzifəsi haqqında" Bəyannamənin 20-ciu ildönümü və təşviqinə dair BMT Baş Assambleyasının 24 dekabr 2017-ci il tarixli 72/247 saylı Qətnaməsində xatırladıldığı kimi, hər kəsin fərdi qaydada və başqaları ilə birlikdə regional, milli və beynəlxalq səviyyələrdə insan hüquqlarının və əsas azadlıqların müdafiəsi və həyata keçirilməsini təşviq etmək və bu yöndə səy göstərmək hüququna malik olduğunu qətiyyətlə təsdiq edərək, cəmiyyətin bütün təbəqələrindəki və onların müvafiq icmalarındakı liderləri, o cümlədən siyasi, hərbi, sosial və dini liderləri, biznes və media liderlərini cəmiyyətdəki insan hüquqları müdafiəçilərinə, o cümlədən qadın hüquq müdafiəçilərinə ictimai dəstəyi ifadə etməyə, onlara qarşı törədilən təhdid, təqib, zorakılıq, ayrı-seçkilik, irqçilik və digər pozuntu və sui-istifadə hallarına, o cümlədən qətllərə münasibətdə bu cür təcrübələri və hüquqpozmaları rədd edən aydın mövqe tutmağa təşviq edərək;

Bütün insan hüquqları müdafiəçilərinin, o cümlədən MİHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının yerli, regional, milli və beynəlxalq səviyyələrdə bütün insan hüquqlarının həyata keçirilməsini müstəqil surətdə, o cümlədən hökumətlərlə qarşılıqlı fəaliyyət göstərməklə təşviq etməkdə, məlumatlılığın artırılması və maarifləndirmə fəaliyyətlərini təşkil etməkdə və bununla bağlı dövlətlərin vəzifə və öhdəliklərinin həyata keçirilməsi səylərinə töhfə verməkdə müsbət, mühüm və qanuni rol oynadıqlarını vurğulayaraq;

Hər biri Avropada insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə hörmət mühitinə və onların fəal təşviqinə mühüm töhfələr verən bütün hüquq müdafiəçilərinin, o cümlədən MİHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının əməyini etiraf edərək və qiymətləndirərək;

Müxtəlif baxışları və maraqları ifadə edən vətəndaş cəmiyyəti təşkilatlarının mövcudluğunun İnsan hüquqları haqqında Avropa Konvensiyasının 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnun təzahürü olduğunu və onların fəaliyyət göstərdiyi ölkənin demokratik plüralizm və insan hüquqları prinsiplərinə və qanunun aliliyinə sadiqliyinin ifadəsi olduğunu nəzərə alaraq;

İnternet azadlığına dair CM/Rec(2016)5 saylı Tövsiyəni xatırladaraq;

Həm milli, həm də beynəlxalq səviyyədə səylərə baxmayaraq, insan hüquqları müdafiəçilərinin, o cümlədən jurnalistlərin hələ də tez-tez hüquqlarının pozulması və sui-istifadə hallarının, təhdid və hücumların qurbanı olması faktından təəssüflənərək və belə pozuntuların müvafiq dövlətdə insan hüquqlarının ümumi vəziyyətinin və ya onun pisləşməsinin təzahürü ola biləcəyini hesab edərək bu səbəbdən insan hüquqları müdafiəçilərinin xüsusi diqqətə layiq olduğunu nəzərə alaraq;

Üzv dövlətlərin son zamanlar qəbul etdiyi məhdudlaşdırıcı qanunlar, siyasətlər və sərt qənaət tədbirlərinin nəticəsi olaraq vətəndaş cəmiyyəti üçün məkanın daralmasından dərin narahatlığını ifadə edərək;

İnsan hüquqlarının müdafiəçilərinin, o cümlədən qadın hüquq müdafiəçilərinin internetdə və ondan kənarda üzləşdiyi ciddi xarakterli təhdidlər, risklər və təhlükələr barədə artmaqda olan xeyli sayda iddia və məlumatlardan, digər hüquqlarla yanaşı ifadə, birləşmək və ya dinc toplaşmaq azadlığının, şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılması və yaxud cinayət və ya mülki məhkəmə icraatından sui-istifadə edilməsi yolu ilə təhdid, təqib və hücumlarla üzləşdikləri və təhlükəsizliyin olmamasından əziyyət çəkdikləri bir çox ölkələrdə onlara qarşı pozuntu və sui-istifadə hallarına görə cəzasızlığın geniş yayıldığından ciddi narahatlığını ifadə edərək;

Dövlətlərin nəinki insan hüquqları müdafiəçilərinin hüquqlarına lüzumsuz, qeyri-qanuni və ya özbaşına müdaxilələrdən çəkinməli olduğuna, həm də insan hüquqları müdafiəçilərinin damğalanma və repressiya qorxusu olmadan təhlükəsiz şəkildə fəaliyyət göstərə biləcəyi təhlükəsiz və əlverişli mühiti fəal şəkildə qorumaqdan və təşviq etməkdən ibarət pozitiv öhdəlik daşıdığına əmin olaraq;

Avropada vətəndaş cəmiyyəti məkanının qorunması və təşviqinin gücləndirilməsinin zəruriliyini ifadə edərək,

Üzv dövlətlərin hökumətlərinə tövsiyə edir ki:

1. müvafiq milli qanunvericilikdə və təcrübədə bu Tövsiyəyə Əlavədə müəyyən edilmiş prinsiplərə əməl olunmasını təmin etsinlər və görülən tədbirlərin səmərəliliyini qiymətləndirsinlər;

2. müvafiq vasitələrin və tədbirlərin köməyi ilə (o cümlədən, lazım gəldikdə, tərcümə də daxil olmaqla) bu Tövsiyənin səlahiyyətli orqanlar və maraqlı tərəflər arasında geniş yayılmasını təmin etsinlər;

3. bu Tövsiyənin icrasının Nazirlər Komitəsi çərçivəsində nəzərdən keçirilməsini onun qəbulundan sonra beş ildən gec olmayaraq təmin etsinlər.

CM/Rec(2018)11 saylı Tövsiyəyə Əlavə

I. Vətəndaş cəmiyyəti məkanını qorumağa və təşviq etməyə yönələn milli qanunvericilik bazası və siyasi və ictimai mühit

Üzv dövlətlər:

a. insan hüquqlarının müdafiəçiləri üçün əlverişli hüquqi bazanı və əlverişli siyasi və ictimai mühiti təmin etməlidirlər, elə bir baza və mühit ki, fərdlərin, qrupların, vətəndaş cəmiyyəti təşkilatlarının və insan hüquqlarının müdafiəsi və təşviqi üzrə milli təsisatların (MİHT-lər) beynəlxalq hüquqa və standartlara uyğun olaraq qanuni əsasda sərbəst fəaliyyət göstərməsinə, bütün insan hüquqlarının və əsas azadlıqların müdafiəsi və təşviqi üçün səy göstərməsinə imkan verir;

b. xüsusilə birləşmək, dinc toplaşmaq və ifadə azadlığına dair qanunvericiliyin beynəlxalq insan hüquqları normalarına və standartlarına uyğun olaraq hazırlanmasını və tətbiq edilməsini təmin etməli və lazım gəldikdə məsləhət üçün İnsan Hüquqları üzrə Komissara, Venesiya Komissiyasına və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının QHT Qanunvericiliyi üzrə Ekspertlər Şurasına və Avropa Şurasının digər orqanlarına müraciət etməlidirlər;

c. vətəndaş cəmiyyəti məkanına xüsusilə birləşmək, dinc toplaşmaq və ifadə azadlığı ilə bağlı qoyulan hər hansı lüzumsuz, qanunsuz və ya özbaşına məhdudiyyətləri aradan qaldırmalıdırlar;

d. nifrət zəminində cinayətin müxtəlif formalarının, o cümlədən zorakılıq aktları, nifrət nitqi və nifrətə və zorakılığa açıq çağırışların milli qanunvericiliyə uyğun olaraq qadağan edilməsini təmin etməli və nifrət zəminində cinayətkərin və nifrət nitqi hallarının qarşısını almalı və onlarla mübarizə aparmalı, xüsusən cəzasızlığa son qoymaq məqsədi ilə səmərəli araşdırmalar aparmalıdırlar;

e. hər kəsin, o cümlədən insan hüquqları müdafiəçilərinin qərarların qəbul edilməsində effektiv şəkildə iştirak edə bilməsini təmin etməli, bunun üçün onların xüsusən "Rəsmi sənədlərin əlçatanlığı haqqında" Avropa Şurasının Konvensiyası (ETS № 205) nəzərə alınmaqla məlumatlara tam çıxış əldə etməsinə imkan yaratmalıdırlar;

f. siyasətin və qanun layihələrinin hazırlanması zamanı, xüsusən də onlar vətəndaş cəmiyyətinə təsir göstərə biləcəyi hallarda, vaxtında və şəffaf ictimai məsləhətləşmələr aparılmasını təmin etməlidirlər;

g. İnsan Hüquqları üzrə Rəhbər Komitə (CDDH) tərəfindən qəbul edilmiş “Cari milli qanunvericiliyin, siyasət və təcrübələrin vətəndaş cəmiyyəti təşkilatlarının, insan hüquqları müdafiəçilərinin və insan hüquqlarının təşviqi və müdafiəsi üzrə milli təsisatların fəaliyyətlərinə təsirinin təhlili” sənədində müəyyən edildiyi kimi, vətəndaş cəmiyyətinin müdafiəsi və fəaliyyətinin təşviqi ilə bağlı beynəlxalq hüququn və standartların milli səviyyədə həyata keçirilməsində boşluqları aradan qaldırmalıdırlar;

h. Paris Prinsiplərinə uyğun olaraq effektiv, müstəqil, plüralist və yetərincə maliyyələşdirilən MİHT-lər təsis etməli və ya onlar artıq mövcuddursa, onları bütün insan hüquqlarının və əsas azadlıqların müdafiəsi və təşviqi üçün gücləndirməli, o cümlədən vətəndaş cəmiyyəti üçün səmərəli mühitin qorunması və təşviqində, əməkdaşlıq etməkdə və yardım istəməkdə və lazım gəldikdə yardım üçün Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi (ENNHRI), eləcə də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), DTİHB/ATƏT, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və Venesiya Komissiyası kimi regional və beynəlxalq qurumlara müraciət etməkdə onların rolunu gücləndirməlidirlər;

i. insan hüquqları müdafiəçilərinin, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarının yerli, xarici və beynəlxalq mənbələrdən resurslar axtarmaq, əldə etmək və onlardan istifadə etmək azadlığına hörmət etməlidirlər;

j. İnsan hüquqları haqqında Avropa Konvensiyasına uyğun olaraq, Avropa Şurasının insan hüquqları mexanizmləri və xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi ilə, eləcə də İnsan Hüquqları üzrə Komissarla əməkdaşlıq etməli, onun səfərlərinə şərait yaratmalı, sorğularına adekvat cavablar verməklə onunla əməkdaşlıq etməli və tələb olunduqda hüquq müdafiəçilərinin vəziyyətini onunla müzakirə etməlidirlər;

k. Avropa Sosial Xartiyasının kollektiv şikayətlər sistemini nəzərdə tutan 1995-ci il tarixli Əlavə Protokolunun (ETS № 158) imzalanması və təsdiq edilməsi məsələsini nəzərdən keçirməli və orada qeyd olunan meyarlara cavab verən milli QHT-lərin Avropa Sosial Hüquqlar Komitəsinə kollektiv şikayətlər vermək hüququnun tanınması məsələsini nəzərdən keçirməlidirlər.

II. Vətəndaş cəmiyyəti məkanının qorunması üçün milli tədbirlər

Üzv dövlətlər vətəndaş cəmiyyəti məkanını qorumaq üçün, xüsusən də aşağıdakılar üçün təsirli tədbirlər görməlidirlər:

a. hüquq müdafiəçilərinin hüquqlarının pozulmasının, o cümlədən onlara qarşı qarayaxma kampaniyalarının, təhdid və hücumların və onların işinə mane olmaq üçün digər cəhdlərin qarşısını almaq;

b. bu cür əməllərin müstəqil və səmərəli şəkildə araşdırılmasını və təqsirkarların müvafiq inzibati tədbirlər və ya cinayət prosedurları vasitəsilə məsuliyyətə cəlb olunmasını təmin etmək, cinayət, mülki və inzibati qanunvericiliyin və prosedurların insan hüquqlarının müdafiəçilərinin işinə mane olan və həmin işi kriminallaşdıran tərzdə tətbiq edilməməsini təmin etmək;

c. öz hüquqi ənənələrinə hörmətlə yanaşmaqla, məhkəmə sistemlərinin müstəqilliyini və hüquq və azadlıqları pozulmuş şəxslər üçün səmərəli hüquqi müdafiə vasitələrinin mövcud olmasını təmin etmək;

d. müstəqil MİHTI-lərin monitorinq, araşdırma, hesabat vermə və şikayətlərə baxma funksiyaları vasitəsilə vətəndaş cəmiyyəti məkanını qorumaq üzrə rollarını effektiv şəkildə yerinə yetirmələri üçün onların səriştə və potensialının formalaşdırılmasını və ya lazımi hallarda artırılmasını nəzərdən keçirmək;

e. insan hüquqları müdafiəçilərinin, MİHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının, tətbiq edilən prosedurlara uyğun olaraq, beynəlxalq və regional insan hüquqları mexanizmlərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsi, Avropa Sosial Hüquqlar Komitəsi və digər insan hüquqlarının müdafiəsi mexanizmlərinə effektiv çıxış imkanına malik olmasına şərait yaratmaq;

f. digər ölkələrdə təhlükə altında olan hüquq müdafiəçiləri üçün operativ yardım və müdafiə tədbirlərini təmin etmək, məsələn, müvafiq hallarda məhkəmə proseslərində iştirak etmək və müşahidə aparmaq və/və yaxud mümkün olduqda, təxirəsalınmaz vizalar vermək.

III. Vətəndaş cəmiyyəti məkanının təşviqi üçün milli tədbirlər

Üzv dövlətlər vətəndaş cəmiyyəti məkanının təşviqi etmək üçün, xüsusən də aşağıdakılar üçün təsirli tədbirlər görməlidirlər:

a. insan hüquqları müdafiəçilərinin, o cümlədən MİHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının sabit maliyyələşdirilməsinə dəstək üçün onların resurslara çıxışını təmin etmək və onların fəaliyyətinin təşviqi üzrə səyləri artırmaq;

b. qadın hüquq müdafiəçilərinin konkret dəstək, maliyyə və müdafiəyə çıxış imkanlarını təmin etmək və onların, gender əsaslı zorakılıq da daxil olmaqla, zorakılıq və ayrı-seçkilikdən azad şəkildə işləyə biləcəyi mühiti təmin etmək;

c. insan hüquqları müdafiəçilərinin, o cümlədən MİHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının legitimliyini açıq şəkildə tanımaq və insan hüquqlarının və plüralist cəmiyyətin inkişafına onların töhfələrini etiraf edərək, onların fəaliyyətini açıq şəkildə dəstəkləmək;

d. insan hüquqları müdafiəçilərinin insan hüquqlarının müdafiəsi fəaliyyətini həyata keçirə bilmələrini təmin etmək və buna şərait yaratmaq üçün onların tələb olunan zəruri bacarıqlara, alətlərə və təlimlərə ayrı-seçkilik olmadan çıxış əldə etməsini təmin etməyə yönələn proqramlara yardım göstərmək və dəstək vermək.

IV. Avropa Şurasının orqanları və təsisatları tərəfindən dəstək

Üzv dövlətlər Avropa Şurasının orqanlarını və təsisatlarını bütün insan hüquqları müdafiəçilərinin, o cümlədən MİHT-lərin və vətəndaş cəmiyyəti təşkilatlarının Avropada təhlükəsiz və sərbəst fəaliyyət göstərə bilməsi üçün əlverişli mühit yaradılması ilə bağlı məsələlərə xüsusi diqqət yetirməyə çağırmalıdırlar. Həmin məsələlərə aşağıdakılar aid edilməlidir:

a. müvafiq presedent hüququ və digər Avropa standartları da daxil olmaqla, məlumat və sənədlərin təqdim etmək, o cümlədən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığın və məlumatlılığın artırılması fəaıliyyətlərini təşviq etmək və insan hüquqları müdafiəçilərinin Avropa Şurasının fəaliyyətində iştirakını təşviq etmək;

b. Avropa Şurasının yerli ofislərinin vətəndaş cəmiyyətinin, MİHT-lərin və insan hüquqları müdafiəçilərinin işini təşviq etməsini və insan hüquqlarının müdafiəçiləri üçün təhlükəsiz və əlverişli mühitin yaradılması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin əsas qərarlarına, İnsan Hüquqları üzrə Komissarın, Venesiya Komissiyasının tövsiyələrinə və Parlament Assambleyasının qətnamələrinə aydınlıq gətirməsini təmin etmək;

c. Nazirlər Komitəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin insan hüquqlarının müdafiəçiləri ilə bağlı hələ icra olunmayan qərarlarının icrasına və insan hüquqlarının müdafiəsi fəaliyyəti üçün əlverişli mühit yaradılmasına xüsusi diqqət yetirmək;

d. vətəndaş cəmiyyətinə, MİHT-lərə və insan hüquqları müdafiəçilərinə qarşı təhdidlərlə bağlı davamlı dialoq və müzakirələri təmin etmək, xüsusən də insan hüquqları müdafiəçilərinə qarşı təhdid və hücumlara reaksiya göstərmək və Avropa Şurasına üzv dövlətlərdə vətəndaş cəmiyyətinin işinin faktiki olaraq dayandırılmasına səbəb olan əsassız həbs və cinayət ittihamları ilə bağlı narahatlığını ifadə etmək;

e. Avropa Şurasının bu sahədə gələcək fəaliyyəti məsələsini diqqətdə saxlamaq.



[1] Azərbaycan dilinə qeyri-rəsmi tərcümə ingilis dilindəki orijinal mətnin əsasında icra olunmuşdur. Mətn Avropa Şurasının icazəsi ilə tərtib və istifadə edilmişdir. Bu sənəd Avropa Şurası ilə razılaşma əsasında, lakin yalnız tərcüməçinin(lərin)/naşirlərin məsuliyyət daşıması ilə dərc olunur. Mətnin tərcüməsi Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir.

*Nazirlər Komitəsinin Konvensiyanın keçmiş 32-ci maddəsi üzrə məhkəmə tipli funksiyalarının yaxın gələcəkdə dayandırılacağı nəzərə alınaraq, burada Nazirlər Komitəsinin qərarlarından bəhs edilmir. Bununla belə, başa düşülür ki, əgər tövsiyə qəbul edildiyi zaman bəzi işlər hələ də baxılmaqdadırsa, bu tövsiyənin prinsipləri belə işlərə də şamil olunacaq