Non official translation / Qeyri-rəsmi tərcümə[1]

Nazirlər Komitəsinin üzv dövlətlərə CM/Rec(2010)12 saylı Tövsiyəsi: "Hakimlər haqqında: müstəqillik, effektivlik və vəzifələr"

(Nazirlər Komitəsi tərəfindən 17 noyabr 2010-cu ildə nazirlərin nümayəndələrinin 1098-ci iclasında qəbul edilmişdir)

Avropa Şurasının Nazirlər Komitəsi, Avropa Şurası Nizamnaməsinin 15-ci maddəsinin “b” bəndinin müddəalarına uyğun olaraq,

İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra “Konvensiya”, ETS № 5) “hər kəsin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olduğunu” nəzərdə tutan 6-cı maddəsini və Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq presedent hüququnu nəzərə alaraq;

1985-ci ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının sənədi olan "Məhkəmə orqanlarının müstəqilliyi prinsipləri"ni nəzərə alaraq;

Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) rəylərini, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) işini və Avropa Şurasının çoxtərəfli iclasları çərçivəsində hazırlanmış "Hakimlərin statusuna dair Avropa Xartiyası"nı nəzərə alaraq;

Məhkəmə funksiyalarını həyata keçirərkən hakimlərin insan hüquqlarının və əsas azadlıqların müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını qeyd edərək;

Qanunun aliliyinin ayrılmaz elementi olan, hakimlərin qərəzsizliyi və məhkəmə sisteminin fəaliyyəti üçün zəruri olan hakimlərin müstəqilliyinin təşviq edilməsini arzulayaraq;

Məhkəmə hakimiyyətinin müstəqilliyinin hər bir şəxs üçün ədalətli məhkəmə araşdırması hüququnu təmin etdiyini və buna görə də onun hakimlər üçün imtiyaz olmadığını, insan hüquqlarına və əsas azadlıqlara hörmət edilməsinin təminatı olduğunu və beləliklə hər kəsin məhkəmə sisteminə etimad göstərməsinə imkan yaratdığını vurğulayaraq;

Səmərəli və ədalətli hüquq sisteminə nail olmaq və hakimləri məhkəmə sisteminin fəaliyyətində fəal iştiraka təşviq etmək üçün hakim vəzifəsinə və səlahiyyətlərinə zəmanət verilməsinin zəruriliyini dərk edərək;

Hakimlərin bütün şəxslərin mənafeyinin müdafiəsinə yönəlmiş vəzifə, öhdəlik və səlahiyyətlərinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinin zəruriliyini dərk edərək;

Məhkəmə institutlarının qanunun aliliyinə uyğun təşkili ilə bağlı üzv dövlətlərdəki müxtəlif təcrübələrin öyrənilməsini arzulayaraq;

Hüquq sistemlərinin, konstitusiya ilə bağlı mövqelərin və hakimiyyət bölgüsünə yanaşmaların müxtəlifliyini nəzərə alaraq;

Bu Tövsiyədə heç nəyin üzv dövlətlərin konstitusiyaları və ya hüquq sistemləri tərəfindən hakimlərə verilən müstəqillik təminatlarını azaltmaq məqsədi daşımadığını qeyd edərək;

Bəzi üzv dövlətlərin konstitusiyalarına və ya hüquq sistemlərinə əsasən  şura yaradıldığını və bu Tövsiyədə onun “məhkəmə şurası” adlandırılacağını qeyd edərək;

Ümumi məhkəmə mədəniyyətinin inkişafına təkan vermək məqsədilə müxtəlif üzv dövlətlərin məhkəmə orqanları arasında və ayrı-ayrı hakimləri arasında əlaqələrin inkişaf etdirilməsini arzulayaraq;

Hakimlərin müstəqilliyini və effektivliyini təşviq etmək, onların məsuliyyətini təmin etmək və daha effektiv etmək və ayrı-ayrı hakimlərin və ümumilikdə məhkəmə sisteminin rolunu gücləndirmək üçün zəruri olan bütün tədbirlərin gücləndirilməsindən ötrü Nazirlər Komitəsinin "Hakimlərin müstəqilliyi, effektivliyi və roluna dair" Rec(94)12 saylı Tövsiyəsinin əsaslı şəkildə yenilənməsinə ehtiyac olduğunu hesab edərək;

Üzv dövlətlərin hökumətlərinə tövsiyə edir ki, yuxarıda qeyd olunan Rec(94)12 saylı Tövsiyəni əvəz edən bu Tövsiyəyə Əlavədə yer alan müddəaların öz qanunvericiliklərində, siyasətlərində və təcrübələrində tətbiq edilməsini və hakimlərin öz funksiyalarını bu müddəalara uyğun olaraq yerinə yetirə bilməsini təmin etmək üçün tədbirlər görsünlər.

CM/Rec(2010)12 saylı Tövsiyəyə Əlavə

I fəsil – Ümumi aspektlər

Tövsiyənin tətbiq dairəsi

1. Bu Tövsiyə məhkəmə funksiyalarını yerinə yetirən bütün şəxslərə, o cümlədən konstitusiya məsələlərinə baxanlara şamil olunur.

2. Bu tövsiyədə qeyd olunan müddəalar, kontekstdən onların yalnız peşəkar hakimlərə şamil edildiyinin aydın olduğu hallar istisna olmaqla, qeyri-peşəkar hakimlərə də şamil edilir.

Məhkəmə orqanlarının müstəqilliyi və ona hansı səviyyədə təminat verilməsinin zəruri olması

3. Müstəqilliyin məqsədi, Konvensiyanın 6-cı maddəsində təsbit edildiyi kimi, işinin ədalətli məhkəmə araşdırması vasitəsilə, yalnız qanuni əsaslarla və heç bir hüquqa zidd təsir olmadan həll edilməsindən ibarət fundamental hüququ hər bir şəxs üçün təmin etməkdir.

4. Ayrı-ayrı hakimlərin müstəqilliyi bütövlükdə məhkəmə sisteminin müstəqilliyi sayəsində təmin edilir. Beləliklə, bu, qanunun aliliyinin əsas aspektidir.

5. Hakimlərə qanuna uyğun olaraq və faktlara verdikləri şərh əsasında işlər üzrə qərəzsiz qərar çıxarmaqda məhdudiyyətsiz sərbəstlik verilməlidir.

6. Hakimlər öz vəzifələrini yerinə yetirmək, özlərinin nüfuzunu və məhkəmənin ləyaqətini qorumaq üçün kifayət qədər səlahiyyətlərə və onları tətbiq etmək imkanına malik olmalıdırlar. İşlə əlaqəli bütün şəxslər, o cümlədən dövlət orqanları və ya onların nümayəndələri hakimin səlahiyyətinə tabe olmalıdırlar.

7. Hakimin və məhkəmə sisteminin müstəqilliyi konstitusiyada və ya üzv dövlətlərdə mümkün olan ən yüksək hüquqi səviyyədə təsbit edilməli, qanunvericilik səviyyəsində daha konkret müddəalar nəzərdə tutulmalıdır.

8. Hakimlər müstəqilliklərinin təhlükə altında olduğunu hesab etdikdə, məhkəmə şurasına və ya digər müstəqil orqana müraciət etmək imkanına malik olmalı və ya sərəncamlarında səmərəli hüquqi müdafiə vasitələri olmalıdır.

9. İş üzrlü səbəblər olmadan konkret hakimdən geri alınmamalıdır. Hakimdən işin geri alınması haqqında qərar məhkəmə sistemindəki orqan tərəfindən obyektiv şəkildə, əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında və şəffaf prosedura uyğun olaraq qəbul edilməlidir.

10. Qanunla müəyyən edilən qaydada konkret işlərə baxmaq səlahiyyətinə malik olmalarına yalnız hakimlər özləri qərar verməlidirlər.

II fəsil – Xarici müstəqillik

11. Hakimlərin xarici müstəqilliyi hakimlərin maraqlarına uyğun olaraq onlara verilmiş imtiyaz və ya üstünlük deyil, qanunun aliliyinin və qərəzsiz ədalət məhkəməsi axtarışında olan və buna ümid edən şəxslərin maraqları üçündür. Hakimlərin müstəqilliyi azadlığın, insan hüquqlarına hörmətin və qanunun qərəzsiz tətbiqinin təminatı kimi qiymətləndirilməlidir. Hakimlərin qərəzsizliyi və müstəqilliyi tərəflərin məhkəmələr qarşısında bərabərliyini təmin etmək üçün vacibdir.

12. Ədalət mühakiməsinin səmərəli və effektiv şəkildə həyata keçirilməsini asanlaşdırmaq üçün hakimlər və məhkəmələr müstəqilliklərinə xələl gətirmədən məhkəmələrin idarə edilməsi və inzibatçılığı ilə məşğul olan qurumlar və dövlət orqanları ilə, habelə vəzifələri hakimlərin işi ilə bağlı olan peşəkarlarla konstruktiv iş münasibətləri saxlamalıdırlar.

13. Hakimlərin müstəqilliyinə və qərəzsizliyinə hörmət etmək, onu müdafiə və təşviq etmək üçün bütün zəruri tədbirlər görülməlidir.

14. Qanunda hakimlərə hüquqa zidd şəkildə təsir göstərmək istəyən şəxslərə qarşı sanksiyalar nəzərdə tutulmalıdır.

15. Məhkəmə qərarları əsaslandırılmalı və ictimaiyyətə elan edilməlidir.  Hakimlərin üzərinə qərarlarının səbəblərini başqa bir üsulla əsaslandırmaq öhdəliyi qoyulmamalıdır.

16. Hakimlərin qərarlarına qanunvericilikdə nəzərdə tutulmuş apellyasiya şikayəti verilməsindən və ya icraatın təzələnməsindən savayı heç bir halda yenidən baxılmamalıdır.

17. Amnistiya, əfv və ya bu kimi tədbirlər haqqında qərarlar istisna olmaqla, icra və qanunvericilik orqanları məhkəmə qərarlarını qüvvədən salan qərarlar qəbul etməməlidirlər.

18. Hakimlərin qərarlarını şərh edərkən, icra və qanunvericilik hakimiyyətləri məhkəmə hakimiyyətinin müstəqilliyini və ya ictimaiyyətin ona etimadını sarsıdacaq tənqiddən çəkinməlidirlər. Həmçinin onlar apellyasiya şikayəti vermək niyyətlərini bildirməkdən başqa, onların hakimlərin qərarlarına tabe olmağa hazır olmalarını şübhə altına ala biləcək hərəkətlərdən çəkinməlidirlər.

19. Məhkəmə icraatı və ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı məsələlər ictimaiyyətdə maraq doğurur. Bununla belə, məhkəmə məsələləri ilə bağlı məlumat almaq hüququ məhkəmənin müstəqilliyi ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmələrin və ya məhkəmə şuralarının və yaxud digər müstəqil orqanların nəzdində məhkəmələrin mətbuat katibi vəzifəsinin və ya mətbuat və rabitə xidmətlərinin yaradılması təşviq edilir. Hakimlər media ilə münasibətlərdə təmkinli davranmalıdırlar.

20. Xidmət etdikləri cəmiyyətin bir hissəsi olan hakimlər ictimai etimad olmadan ədalət mühakiməsini səmərəli şəkildə həyata keçirə bilməzlər. Onlar cəmiyyətin məhkəmə sistemindən gözləntiləri və onun fəaliyyəti ilə bağlı şikayətləri barədə məlumatlı olmalıdırlar. Məhkəmə şuraları və ya digər müstəqil orqanlar tərəfindən belə rəylərin alınması üçün yaradılmış daimi mexanizmlər buna kömək etmiş olar.

21. Hakimlər rəsmi funksiyaları xaricində digər fəaliyyətlərlə məşğul ola bilərlər. Real və ya ehtimal edilən maraqlar toqquşmasına yol verməmək üçün onların belə fəaliyyətlərlə iştirakı onların qərəzsizliyinə və müstəqilliyinə uyğun olan fəaliyyətlərlə məhdudlaşdırılmalıdır.

III fəsil – Daxili müstəqillik

22. Məhkəmələrin müstəqilliyi prinsipi hər bir ayrıca hakimin məhkəmə funksiyalarının yerinə yetirilməsində müstəqilliyi deməkdir. Hakimlər qərar qəbul edərkən müstəqil və qərəzsiz olmalı və hər hansı orqan, o cümlədən məhkəmə sisteminə daxil olan orqanlar tərəfindən heç bir məhdudiyyət, qeyri-qanuni təsir, təzyiq, təhdid və ya müdaxilə olmadan birbaşa və ya dolayı yolla hərəkət edə bilməlidirlər. Məhkəmə sisteminin iyerarxiya qaydasında təşkili fərdi müstəqilliyə xələl gətirməməlidir.

23. Sorğu üzrə ilkin rəylərin verilməsi və ya qanuna uyğun olaraq hüquqi müdafiə vasitələri haqqında qərarların qəbul edilməsi halları istisna olmaqla, yuxarı məhkəmələr hakimlərə ayrı-ayrı işlərin necə həll edilməli olduğu barədə təlimatlar verməməlidirlər.

24. İşə müstəqil və qərəzsiz hakim tərəfindən baxılması hüququnu təmin etmək üçün məhkəmə daxilində işlərin bölgüsü əvvəlcədən müəyyən edilmiş obyektiv meyarlara uyğun aparılmalıdır. İşdə iştirak edən hər hansı tərəfin və ya işin nəticəsində hər hansı şəkildə maraqlı olan hər hansı şəxsin istəkləri buna təsir etməməlidir.

25. Hakimlər öz müstəqilliklərini qorumaq, maraqlarını müdafiə etmək və qanunun aliliyini təşviq etmək məqsədi daşıyan peşə təşkilatları yaratmaqda və onlara qoşulmaqda sərbəst olmalıdırlar.

IV fəsil – Məhkəmə şuraları

26. Məhkəmə şuraları qanuna və ya konstitusiyaya əsasən yaradılan, məhkəmə hakimiyyətinin və ayrı-ayrı hakimlərin müstəqilliyini qorumağa və bununla da məhkəmə sisteminin səmərəli fəaliyyətinə kömək etməyə çalışan müstəqil orqanlardır.

27. Belə şuraların üzvlərinin ən azı yarısı məhkəmə sisteminin bütün səviyyələrindən olmaqla həmkarları tərəfindən və məhkəmə sistemində plüralizmə hörmət əsasında seçilən hakimlər olmalıdır.

28. Məhkəmə şuraları əvvəlcədən müəyyən edilmiş prosedurlar və əsaslandırılmış qərarlar hazırlamaqla hakimlərə və cəmiyyətə münasibətdə ən yüksək şəffaflıq nümayiş etdirməlidir.

29. Məhkəmə şuraları öz funksiyalarını həyata keçirərkən ayrı-ayrı hakimlərin müstəqilliyinə mane olmamalıdırlar.

V fəsil – Müstəqillik, effektivlik və resurslar

30. Hakimlərin və məhkəmə sistemlərinin effektivliyi hər bir insanın hüquqlarının müdafiəsi, Konvensiyanın 6-cı maddəsinin tələblərinə əməl olunması, hüquqi müəyyənlik və qanunun aliliyinə ictimaiyyətin etimadı üçün zəruri şərtidir.

31. Effektivlik işlərə ədalətlə baxıldıqdan sonra ağlabatan müddət ərzində keyfiyyətli qərarların verilməsini nəzərdə tutur. Ayrı-ayrı hakimlər cavabdeh olduqları işlərin, o cümlədən icrası onların yurisdiksiyasına aid olan qərarların icrasının effektiv idarə olunmasını təmin etməyə borcludurlar.

32. Məhkəmə sisteminin təşkilinə və fəaliyyətinə cavabdeh olan orqanlar hakimlərə öz missiyalarını yerinə yetirmək üçün şərait yaratmağa borcludurlar və hakimlərin müstəqilliyini və qərəzsizliyini qoruyub saxlamaqla effektivliyə nail olmalıdırlar.

Resurslar

33. Hər bir dövlət məhkəmələrin Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş standartlara uyğun fəaliyyət göstərməsi və hakimlərin effektiv işləməsi üçün onlara adekvat resurslar, binalar və avadanlıqlar ayırmalıdır.

34. Prosessual qərarlar maliyyə nəticələrinə səbəb olacaqsa, hakimlərin bu cür qərarları qəbul etmək imkanına malik olması üçün tələb etdikləri məlumatlar onlara təqdim edilməlidir. Hakimin konkret iş üzrə qərar qəbul etmək səlahiyyəti təkcə resurslardan maksimum səmərəli istifadə tələbi ilə məhdudlaşdırılmamalıdır.

35. Məhkəmələrə yetərli sayda hakimlər və müvafiq ixtisaslı yardımçı heyət ayrılmalıdır.

36. Məhkəmələrdə iş yükünün həddən artıq olmasının qarşısını almaq və onu azaltmaq məqsədilə digər müvafiq ixtisaslı şəxslərə qeyri-məhkəmə tapşırıqlarının verilməsi üçün məhkəmələrin müstəqilliyinə uyğun tədbirlər görülməlidir.

37. İşlərin idarə edilməsinin elektron sistemlərindən və informasiya kommunikasiya texnologiyalarından istifadə həm hakimiyyət orqanları, həm də hakimlər tərəfindən təşviq edilməli və onların məhkəmələrdə ümumi qaydada istifadəsi də eyni şəkildə təşviq edilməlidir.

38. Hakimlərin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülməlidir. Bu tədbirlər məhkəmələrin, eləcə də təhdid və ya zorakılıq aktlarının qurbanı ola biləcək hakimlərin müdafiəsini özündə ehtiva edə bilər.

Mübahisələrin alternativ həlli

39. Mübahisələrin alternativ həlli mexanizmləri təşviq edilməlidir.

Məhkəmələrin idarə olunması

40. Məhkəmə sisteminin büdcəsi hazırlanarkən mövcud məhkəmə şuraları və ya məhkəmələrin idarə olunmasına cavabdeh olan digər müstəqil orqanlar, məhkəmələrin özləri və/və ya hakimlərin peşə təşkilatları ilə məsləhətləşmələr aparıla bilər.

41. Hakimlər məhkəmələrin idarə olunmasına cəlb edilməlidir.

Qiymətləndirmə

42. Ədalət mühakiməsinin səmərəliliyinə töhfə vermək və onun keyfiyyətini davamlı olaraq yaxşılaşdırmaq məqsədilə üzv dövlətlər 58-ci bəndə uyğun olaraq məhkəmə orqanları tərəfindən hakimlərin qiymətləndirilməsi sistemlərini tətbiq edə bilərlər.

Beynəlxalq aspekt

43. Dövlətlər xarici və ya beynəlxalq elementlərin iştirak etdiyi işlərdə hakimlərin öz funksiyalarını səmərəli şəkildə yerinə yetirmələri üçün və beynəlxalq əməkdaşlığın və hakimlər arasında münasibətlərin dəstəklənməsi üçün məhkəmələri müvafiq vasitələrlə təmin etməlidirlər.

VI fəsil – Hakimin statusu

Seçilmə və karyera

44. Hakimlərin seçilməsi və karyerası ilə bağlı qərarlar qanuna və ya səlahiyyətli orqanlar tərəfindən əvvəlcədən müəyyən edilmiş obyektiv meyarlara əsaslanmalıdır. Bu cür qərarlar müvafiq keyfiyyətlərə əsaslanmalı, qanunun tətbiqi zamanı insan ləyaqətinə hörmətlə yanaşılmaqla işlərin həlli üçün tələb olunan ixtisaslılıq, bacarıqlar və potensial nəzərə alınmaqla qəbul edilməlidir.

45. Hakimlərə və ya hakim vəzifəsinə namizədlərə qarşı cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər əqidə, milli və ya sosial mənşə, milli azlığa mənsubiyyət, əmlak, əlillik, doğum əlaməti, cinsi oriyentasiya və ya hər hansı digər əsasa görə ayrı-seçkilik olmamalıdır. Hakimin və ya hakim vəzifəsinə namizədin müvafiq dövlətin vətəndaşı olması tələbi ayrı-seçkilik hesab edilməməlidir.

46. Hakimlərin seçilməsi və karyerası ilə bağlı qərarlar qəbul edən orqan icra və qanunvericilik hakimiyyətlərindən müstəqil olmalıdır. Müstəqilliyinin təmin edilməsi üçün həmin orqanın üzvlərinin ən azı yarısı həmkarları tərəfindən seçilmiş hakimlərdən ibarət olmalıdır.

47. Bununla belə, konstitusiya və ya digər qanunvericilik müddəaları hakimlərin seçilməsi və karyerası ilə bağlı qərarların dövlət başçısı, hökumət və ya qanunverici orqan tərəfindən qəbul edilməsini nəzərdə tutduqda, əhəmiyyətli hissəsi məhkəmə sisteminin nümayəndələrindən ibarət olan (IV fəsildə qeyd olunan, məhkəmə şuralarına münasibətdə tətbiq edilən qaydalara xələl gətirməmək şərti ilə) müstəqil və səlahiyyətli orqan tövsiyələr vermək və ya rəy bildirmək səlahiyyətinə malik olmalı, hakimləri vəzifəyə təyin edən müvafiq orqan isə təcrübədə onlara əməl etməlidir.

48. 46 və 47-ci bəndlərdə qeyd olunan müstəqil orqanların üzvlüyündə mümkün qədər geniş təmsilçilik təmin edilməlidir. Onların prosedurları şəffaf olmalı və namizədlərin sorğusu əsasında qərarların səbəbləri bildirilməlidir. Uğursuz namizədin qərardan və ya ən azı qərarın qəbul edildiyi prosedurdan şikayət etmək hüququ olmalıdır.

Səlahiyyət müddəti və dəyişilməzlik

49. Hakimlərin səlahiyyət müddətinin daimiliyi və onların dəyişilməzliyi hakimlərin müstəqilliyinin əsas elementləridir. Müvafiq olaraq, hakimlər pensiya yaşına çatana qədər vəzifədə qalmalarına təminat verilməlidir.

50. Hakimlərin səlahiyyət müddəti qanunla müəyyən edilməlidir. Daimi təyinata yalnız qanunla müəyyən edilmiş intizam xətası və ya cinayət  əməli barədə müddəaların ciddi şəkildə pozulduğu və ya hakimin artıq məhkəmə funksiyalarını yerinə yetirə bilmədiyi hallarda xitam verilməlidir. Erkən təqaüdə çıxmaq yalnız müvafiq hakimin xahişi ilə və ya tibbi səbəblərə görə mümkün olmalıdır.

51. İşə qəbul sınaq müddətinə və ya müəyyən müddətə həyata keçirildikdə, belə təyinatın təsdiq edilib-edilməməsi və ya müddətinin uzadılması barədə qərar yalnız 44-cü bəndə uyğun olaraq qəbul edilməlidir ki, məhkəmə hakimiyyətinin müstəqilliyinə tam riayət olunması təmin edilsin.

52. İntizam tənbehi və ya məhkəmə sisteminin təşkilində islahatların aparılması halları istisna olmaqla, hakim onunla razılaşdırılmadan yeni təyinat almamalı və ya başqa bir hakim vəzifəsinə keçirilməməlidir.

Məvacib

53. Peşəkar hakimlərin əməyinin ödənilməsi sisteminin əsas qaydaları qanunla müəyyən edilməlidir.

54. Hakimlərin məvacibi onların peşə və vəzifələri ilə mütənasib olmalı və onları qərarlarına təsir etmək məqsədi daşıyan şirnikləndirici təkliflərdən qorumağa kifayət etməlidir. Xəstəlik, analıq və ya atalıq məzuniyyəti zamanı ağlabatan əmək haqqının saxlanacağına, habelə işləyərkən alınan əmək haqqının səviyyəsi ilə ağlabatan nisbətdə olan pensiyanın ödəniləcəyinə təminatlar mövcud olmalıdır. Hakimlərin məvacibinin azaldılmasına qarşı təminat olaraq konkret hüquq normaları qəbul edilməlidir.

55. Hakimlərin əsas əmək haqqını onların fəaliyyətindən asılı edən sistemlərdən imtina etmək lazımdır, çünki onlar hakimlərin müstəqilliyi üçün çətinliklər yarada bilər.

Təlim

56. Hakimlər tamamilə dövlət tərəfindən maliyyələşdirilən nəzəri və praktiki ilkin və ixtisasartırma təlimi ilə təmin edilməlidir. Buraya məhkəmə funksiyalarının həyata keçirilməsi ilə bağlı iqtisadi, sosial və mədəni məsələlər daxil edilməlidir. Bu cür təlimlərin tezliyi və müddəti əvvəlki peşə təcrübəsi nəzərdə alınmaqla müəyyən edilməlidir.

57. Müstəqil orqan təlimin keçirilməsinin muxtariyyətinə tam uyğun olaraq, ilkin və ixtisasartırma təlimi proqramlarının məhkəmə orqanlarına xas olan açıqlıq, səriştəlilik və qərəzsizlik tələblərinə cavab verməsini təmin etməlidir.

Qiymətləndirmə

58. Ədliyyə orqanları hakimlərin qiymətləndirilməsi sistemlərini yaratdığı halda bu sistemlər obyektiv meyarlara əsaslanmalıdır. Bunlar səlahiyyətli məhkəmə orqanı tərəfindən dərc edilməlidir. Prosedur hakimlərə öz fəaliyyətləri və bu fəaliyyətlərin qiymətləndirilməsi ilə bağlı fikirlərini bildirmək, habelə müstəqil orqan və ya məhkəmə qarşısında qiymətləndirmələrə etiraz etmək imkanı verməlidir.

VII fəsil – Öhdəlik və vəzifələr

Vəzifələr

59. Hakimlər məhkəmə icraatının aparılması zamanı bütün şəxslərin ləyaqətinə hörmət etməklə onların hüquq və azadlıqlarını bərabər şəkildə qorumalıdırlar.

60. Hakimlər bütün işlərdə müstəqil və qərəzsiz hərəkət etməli, bütün tərəflər üçün ədalətli dinləmə keçirilməsini təmin etməli və lazım gəldikdə prosessual məsələləri izah etməlidirlər. Hakimlər məhkəmə prosesinə heç bir kənar təsir olmadan hərəkət etməli və məhz belə görünməlidirlər.

61. Hakimlər onlara verilmiş işlər üzrə qərar çıxarmalıdırlar. Onlar qanunla müəyyən edilmiş üzrlü səbəblər olduqda işi qəbul etməkdən və ya iş üzrə hərəkətlərdən imtina etməlidirlər.

62. Hakimlər hər bir işə lazımi səylə və ağlabatan müddətdə baxmalıdırlar.

63. Hakimlər qərarlarının səbəblərini aydın və başa düşülən dildə  göstərməlidirlər.

64. Hakimlər müvafiq hallarda tərəfləri barışıq sazişi yolu ilə işi həll etməyə təşviq etməlidirlər.

65. Hakimlər mütəmadi olaraq öz peşə bacarıqlarını artırmalı və peşəkarlıq səviyyəsini yüksəltməlidirlər.

Məsuliyyət və intizam icraatı

66. İş üzrə qərar qəbul edərkən hakimlər tərəfindən qanunun təfsiri, faktların qiymətləndirilməsi və ya sübutların dəyərləndirilməsi, qərəzlilik və kobudcasına ehtiyatsızlıq halları istisna olmaqla, mülki və ya intizam məsuliyyətinə səbəb olmamalıdır.

67. Yalnız dövlət, ona kompensasiya təyin edilməli olduğu təqdirdə, hakimin mülki məsuliyyətinin məhkəmə yolu ilə müəyyən edilməsi üçün müraciət edə bilər.

68. İş üzrə qərar qəbul edərkən hakimlər tərəfindən qanunun təfsiri, faktların qiymətləndirilməsi və ya sübutların dəyərləndirilməsi, qərəzlilik halları istisna olmaqla, cinayət məsuliyyətinə səbəb olmamalıdır.

69. Hakimlər öz vəzifələrini effektiv şəkildə və lazımi qaydada yerinə yetirmədikdə, intizam icraatı başladıla bilər. Belə icraat ədalətli məhkəmə araşdırmasının bütün təminatlarına cavab verən müstəqil orqan və ya məhkəmə tərəfindən aparılmalı və hakimin qərara və sanksiyaya etiraz etmək hüququnu təmin etməlidir. İntizam tənbehləri mütənasib olmalıdır.

70. Apellyasiya şikayəti əsasında qərarları ləğv edildikdə və ya dəyişdirildikdə hakimlər şəxsən məsuliyyət daşımamalıdırlar.

71. Hakimlər məhkəmə funksiyalarını yerinə yetirmədikləri zaman hər hansı digər vətəndaş kimi mülki, cinayət və inzibati qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

VIII fəsil – Hakim etikası

72. Hakimlər öz fəaliyyətlərində peşə davranışının etik prinsiplərini rəhbər tutmalıdırlar. Bu prinsiplər təkcə intizam tənbehi tədbirləri ilə sanksiyalaşdırıla bilən vəzifələri əhatə etmir, həm də hakimlərə necə davranacaqlarına dair təlimatlar verir.

73. Bu prinsiplər hakimlərə və məhkəmə sisteminə ictimaiyyətdə etimad yaradan hakim etikası kodekslərində təsbit edilməlidir. Belə kodekslərin hazırlanmasında hakimlər aparıcı rol oynamalıdırlar.

74. Hakimlər məhkəmə sistemindəki orqandan etik məsələlərlə bağlı məsləhət almaq imkanna malik olmalıdırlar.



[1] Azərbaycan dilinə qeyri-rəsmi tərcümə ingilis dilindəki orijinal mətnin əsasında icra olunmuşdur. Mətn Avropa Şurasının icazəsi ilə tərtib və istifadə edilmişdir. Bu sənəd Avropa Şurası ilə razılaşma əsasında, lakin yalnız tərcüməçinin(lərin)/naşirlərin məsuliyyət daşıması ilə dərc olunur. Mətnin tərcüməsi Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilmişdir.

*Nazirlər Komitəsinin Konvensiyanın keçmiş 32-ci maddəsi üzrə məhkəmə tipli funksiyalarının yaxın gələcəkdə dayandırılacağı nəzərə alınaraq, burada Nazirlər Komitəsinin qərarlarından bəhs edilmir. Bununla belə, başa düşülür ki, əgər tövsiyə qəbul edildiyi zaman bəzi işlər hələ də baxılmaqdadırsa, bu tövsiyənin prinsipləri belə işlərə də şamil olunacaq