2015-ci ilin iyul ayından CEPEJ tərəfindən həyata keçirilən “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdiriləsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi çərçivəsində bir sıra mühüm addımlar atılmış, işlər görülmüş, Strasburqda və Bakıda seminar və praktiki məşğələlər təşkil olunmuş, hakim və məhkəmə aparatı əməkdaşları üçün məhkəmələrin idarə edilməsi mövzusunda təlimlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır. Bütün görülən işlərin nəticəsində istər məmnuniyyət sorğuları, istərsə də məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması sahəsində əsas CEPEJ alətləri Azərbaycanın pilot məhkəmələrində, o cümlədən Sumqayıt Apelyasiya Məhkəməsi, Şəki Apelyasiya Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Yasamal Rayon Məhkəməsi və Oğuz Rayon Məhkəməsində yüksək səviyyədə tətbiq edilmişdir.

CEPEJ ekspertlərinin də qeyd etdiyi kimi Azərbaycan pilot məhkəmələri CEPEJ-lə əməkdaşlıq çərçivəsində yüksək göstəricilər əldə etmişlər. Lakin qeyd edilməlidir ki, görülmüş işlər bununla bitmir. Hazırda da Azərbaycan pilot məhkəmələri CEPEJ-lə əməkdaşlıqdan dəyərlənməkdə davam edir. O cümlədən, Sumqayıt Apelyasiya Məhkəməsi öz fəaliyyətini daim təhlil edir və işin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görür. Bu sahədə CEPEJ ekspertləri tərəfindən tövsiyə olunan göstəricilərin tətbiqinin səmərəsi də danılmazdır.

Ona görə də hesab edirəm ki, CEPEJ-lə əməkdaşlıq çərçivəsində görülmüş işlər diqqətə layiqdir və məhkəmə sisteminə inamın daha da artmasına xidmət edəcək, bütün ölkə məhkəmələri tərəfindən CEPEJ alətlərinin tətbiqi təşviq olunacaqdır.

Səadət Bəktaşi

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri


Ədalət mühakiməsinin səmərəliliyini yüksəltmək məqsədilə köklü məhkəmə-hüquq islahatları aparan Azərbaycan Respublikası bu sahədə Avropa dövlətləri və nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığa mühüm önəm verir.

 Avopa Şurası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində uğurla həyata keçirilmiş “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdiriləsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi belə səmərəli əməkdaşlığın yaxşı nümunəsidir.

Layihənin müsbət cəhətlərindən biri onun praktiki əhəmiyyət daşıması olmuşdur. Ötən iki il ərzində 5 pilot məhkəmə ilə tanışlıq səfərləri təşkil olunmuş, Avropa ölkələrində, o cümlədən Strasburqda və Bakıda faydalı tədbirlər keçirilmişdir.

Layihə çərçivəsində pilot məhkəmələrdə məmnuniyyət sorğuları hazırlanaraq keçirilmiş, hakim və məhkəmə aparatı işçiləri üçün məhkəmələrin  idarə edilməsi mövzusunda təlimlər təşkil olunmuş, məhkəmə statistikası və məhkəmələrdə vaxtın idarə olunması üzrə CEPEJ təlimatlarının tətbiqi üzrə qabaqcıl xarici təcrübə öyrənilmişdir.

Qeyd olunan tədbirlər zamanı səmərəli qarşılıqlı fəaliyyət, CEPEJ-in məsul əməkdaşlarının, ekspertlərinin dəyərli tövsiyələri və göstərdikləri əməli yardım, eləcə də Azərbaycanın ədliyyə və məhkəmə sistemini təmsil edən yerli tərəfdaşların səyləri bütövlükdə layihənin uğurla həyata keçirilməsini təmin etmişdir.

Inanırıq ki, bu layihənin icrası nəticəsində qazanılmlş təcrübə, bilik və vərdişlər digər məhkəmələrin də fəaliyyətində tətbiq olunacaq və ölkəmizin məhkəmə sisteminin inkişafına xidmət edəcək. 

Xəqani Tağıyev,

Salyan Rayon Məhkəməsinin sədri,

Məhkəmə-Hüquq Şurasının üzvü


Avropa Şurasının və Avropa Birliyinin 2015-2017-ci illər üzrə Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” adlı layihənin icrasına digər 4 pilot (Sumqayıt Apellyasiya, Bakı Şəhəri Yasamal Rayon, Oğuz Rayon və Sumqayıt İnzibati-İqtisadi) məhkəmələr ilə yanaşı Şəki Apellyasiya Məhkəməsinin də cəlb edilməsini önəmli  bir hadisə kimi dəyərləndirirəm. Azərbaycanda həyata keçirilən köklü məhkəmə-hüquq islahatları çərçivəsində müasir məhkəmə infrastrukturunun yaradılması məhkəmə fəaliyyətində də adekvat metodologiyanın tətbiqini günün zərurətinə çevirmişdir. Bu baxımdan CEPEJ-lə iki il ərzində məhsuldar əməkdaşlığımız öz zamanına düşmüş və məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində CEPEJ alətlərinin və müxtəlif məzmunlu metodologiyaların tətbiqinə dair keçirilən təlimlərin praktiki əhəmiyyəti olmuşdur. Məhz əldə olunan nəzəri və praktiki biliklər nəticəsində CEPEJ alət və təlimatlarına uyğun olaraq layihə çərçivəsində pilot məhkəmələrdə məmnuniyyət sorğuları keçirilmiş, statistik məlumatlar tərtib olunmuş, CEPEJ indikatorlarına uyğun hakimlərin işi qiymətləndirilmiş və məhkəmənin fəaliyyətinin səmərəliliyinin daha da artırılması istiqamətində fəaliyyət planı hazırlanaraq yeni hədəflər müəyyən edilmişdir.

Şəki Apellyasiya Məhkəməsi ictimaiyyətlə etibarlı münasibətlərin qurulmasına və bununla bağlı kommunikasiya imkanlarının artırılmasına səy göstərir. Bu istiqamətdə görülən digər tədbirlərlə yanaşı, CEPEJ-in tövsiyələrinə uyğun keçirilmiş məmnuniyyət sorğularını xüsusilə qeyd etmək istərdim. Həmin sorğular vasitəsi ilə müxtəlif hədəf qruplarının məhkəmə xidmətindən məmnunluq indeksini müəyyən etmək və məhkəmənin fəaliyyətinin korrektəyə ehtiyacı olan sahələrinin dəqiqləşdirilməsi mümkün olmuşdur. Eyni zamanda CEPEJ-in mütərəqqi təcrübəsinə əsaslanaraq hər bir pilot məhkəmə özü üçün məqbul hesab edilən ictimaiyyətlə kommunikasiyanın forma və metodlarını müəyyən etmək imkanını əldə etmişdir.

Şəki Apellyasiya Məhkəməsi öz fəaliyyətinin səmərəliliyinin artırılması və qiymətləndirilməsi üçün CEPEJ alət və təlimatlarının davamlı şəkildə həyata keçirilməsini prioritet məsələlərdən biri kimi qəbul edir və bu təcrübənin bütövlükdə məhkəmə xidmətinə müsbət təsir edəcəyi inamını ifadə edir.

Fürsətdən istifadə edərək mən Avropa İttifaqına, Avropa Şurasına və CEPEJ-in ekspert komandasına bu layihənin reallaşdırılmasına görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mübariz Əkbərov

Şəki Apellyasiya Məhkəməsinin sədri